CƏMİYYƏT
Şagirdlər narkomaniyanın fəsadları barədə maarifləndiriliblər
Bakı, 11 iyun, AZƏRTAC
Bakı şəhəri 42 nömrəli orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri təşkil olunub. Tədbirin keçirilməsində məqsəd gənc nəsli narkomaniyanın fəsadları barədə məlumatlandırmaq, eyni zamanda, onların bu bəlaya qarşı mübarizə qabiliyyətini inkişaf etdirmək idi.
AZƏRTAC Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) istinadla bildirir ki, məktəbin direktoru Firəngiz Həmidova, Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Zahid Xəliov, din xadimi Hacı Şahin Həsənli, Narkotiklərlə mübarizə şöbəsinin rəisi polis mayoru Valeh Əliyev çıxış edərək, zərərli vərdişlərin orqanizm üçün ciddi təhlükə törətdiyini vurğulayıb və iştirakçıları öz sağlamlıqlarına məsuliyyətlə yanaşmağa, sağlam həyat tərzi keçirməyə çağırıb.
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova geniş təqdimatla çıxış edərək, narkomaniyanın və psixotrop maddələrin insan sağlamlığına mənfi təsiri barədə ətraflı məlumat verib, narkotik maddələrdən istifadənin qısa zamanda fiziki və psixi asılılıq yaratdığını nəzərə çatdırıb. O, həmçinin qeyd edib ki, narkotik maddələr insanın fiziki və mənəvi sağlamlığına mənfi təsir göstərməklə bərabər, onun cinayət törətməsinə də səbəb olur. Odur ki, gənclərə sağlam həyat tərzi sürmək, gələcəyini məhv edən vərdişlərdən uzaq olmaq tövsiyə olunub.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.