Şagirdlər üçün ödənişsiz inkişaf təlimləri təşkil olunacaq
Bakı, 20 fevral, AZƏRTAC
“Davam” Gənclər Hərəkatı və BrainIMO MMC arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanması üçün görüş keçirilib. Görüşdə "Davam" Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı və “BrainIMO” MMC-nin təsisçisi Fidan Nəcəfova iştirak edib.
“Davam” Gənclər Hərəkatından AZƏRTAC-a bildiriblər ki, görüş zamanı tərəflərin birgə təşkilatçılığı ilə ümumtəhsil səviyyəsi üçün “AlgoMath” xüsusi inkişaf proqramının keçirilməsi ilə bağlı razılıq əldə olunub.
Danışıqların ardınca “Davam” Gənclər Hərəkatı və BrainIMO MMC arasında əlaqələrin möhkəmləndirilməsi, "AlgoMath" proqramının birgə həyata keçirilməsi məqsədilə əməkdaşlıq haqqında memorandum imzalanıb. Proqramın fəaliyyət planı ilə bağlı Təşkilat Komitəsi formalaşdırılıb, texniki məqamlar və proqramın yol xəritəsi müəyyən olunub.
Qeyd edək ki, "AlgoMath" proqramı çərçivəsində riyazi biliklər, məntiqi düşüncə, problem həlletmə bacarığı və digər vacib sahələr üzrə imtahan təşkil edilərək şagirdlər arasından yaxşıların yaxşısı müəyyən olunacaq. Seçilmiş namizədlər üçün müsahibələrə əsasən, tam ödənişsiz inkişaf təlimləri (IELTS, SAT, CALCULUS, proqramlaşdırma dilləri və s.) təşkil olunaraq xaricdə və ya ölkədəki universitetlərdə təhsil alması üçün yetişdiriləcək, karyeranın idarə edilməsi və uğurlu ixtisasın seçilməsi istiqamətində dəstək xidmətləri göstəriləcək.
Proqram 5-11-ci sinif şagirdləri üçün nəzərdə tutulub.