Sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilən velosiped yarışı başa çatıb
Naxçıvan, 20 may, AZƏRTAC
Sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilən velosiped yarışı üzrə muxtar respublika birinciliyi başa çatıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan yarışda yaşı 18-dək olan paralimpiyaçılar iştirak ediblər. Muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının birgə təşkil etdiyi birincilik Naxçıvan şəhərində yerləşən Sahil Parkında keçirilib.
Qələbə uğrunda mübarizədə şəhər və rayonlardan, ümumilikdə, 18 idmançı iştirak edib. Qaydalara əsasən, təyin olunan məsafənin qət edilməsi ilə yanaşı, finişə çatma müddəti də hesablanaraq sıralama müəyyənləşdirilib.
Nəticələrə gəlincə, Ordubadı təmsil edən Mikayıl Məmmədov ən yaxşı göstərici ilə birinciliyin qalibi olub. Naxçıvan idmançısı Nihal İmanovla Culfa təmsilçisi Asim Zamanov müvafiq olaraq 2-ci, 3-cü sıralarda qərarlaşıblar.
Mükafatlandırma zamanı nazirliyin şöbə müdiri Taleh İbrahimov və federasiyanın sədr müavini Vüqar Məmmədov yarışın keçirilmə məqsədi və önəmindən bəhs edib, iştirakçılara bundan sonra da uğurlar arzulayıblar.
İlk üçlükdə qərarlaşanlara diplom, digər iştirakçılara isə fəxri fərmanlar təqdim edilib. Bütün iştirakçılar federasiya tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, birincilik sağlamlıq imkanları məhdud uşaqlar arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması, onların reabilitasiyası, o cümlədən idmanın müxtəlif növlərinə marağın artırılması məqsədilə keçirilib.