Sahib Ələkbərov: Vergilər Nazirliyi istedadlı gənclərin işə qəbulunda çox maraqlıdır
Bakı, 3 aprel, AZƏRTAC
Vergilər Nazirliyi istedadlı gənclərin işə qəbulunda çox maraqlıdır və bu istiqamətdə işlər aparır.
AZƏRTAC xəbər verir ki, bu sözləri vergilər nazirinin müavini Sahib Ələkbərov jurnalistlərə müsahibəsində deyib. O bildirib ki,
hələ 4 il əvvəl Təhsil Nazirliyi tərəfindən xüsusi istedadlı tələbələrdən ibarət SABAH qrupları ilə bağlı həyata keçirilən layihə istedadlı gənclərin gələcək taleyinin daha səmərəli inkişafına xidmət edəcək.
“Bu gün vergi orqanlarında çalışanların əksəriyyətini test imtahanlarında uğurla imtahan verib qəbul olunan gənclər təşkil edir. Onlar rəhbər vəzifələrə irəli çəkilirlər. Biz gələcəkdə də bu meyilləri davam etdirmək niyyətindəyik. Bu, həm də Azərbaycan iqtisadiyyatının inkişafına bir töhfə olacaq. Yaxın gələcəkdə biz bu layihənin nəticələrini görə biləcəyik”, - deyə nazir müavini vurğulayıb.
Vergi orqanında ciddi kadr axınının olmadığını söyləyən S.Ələkbərov bildirib ki, nazirlikdə işə qəbul əsasən Dövlət İmtahan Mərkəzi ilə birgə test imtahanı vasitəsilə həyata keçirilir və təqribən 100-ə yaxın işçi nazirlik sistemində işə cəlb olunub.
Nazir müavin diqqətə çatdırıb ki, vergi orqanları SABAH qruplarında iqtisadi sahəni seçmiş tələbələrə artıq öz əməkdaşları kimi baxır. Gənclər vergi orqanlarında təcrübə keçəcək, nazirliyin təcrübəli mütəxəssisləri onların tədris prosesində bilavasitə iştirak edərək, praktik işlə məşğul olmağa hazırlayacaqlar.