İQTİSADİYYAT
Sahibkarlar Konfederasiyası ilə İqtisadi Əməkdaşlıq Təşkilatı videokonfrans keçirib
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin müvafiq qurumları arasında videokonfrans keçirilib.
ASK-dan AZƏRTAC-a bildirilib ki, videokonfransda İƏT-in məsul əməkdaşlarının və quruma üzv 10 ölkənin Ticarət və Sənaye palatalarının, o cümlədən Azərbaycan Sahibkarlar Konfederasiyasının məsul şəxsləri iştirak ediblər. Konfrans COVID-19 pandemiyasının təsirlərinə qarşı atılmış preventiv addımların müzakirəsinə həsr olunub.
Görüşü Türkiyə Odalar və Borsalar Birliyinin (TOBB) prezidenti Rıfat Hısarcıklıoğlu salamlama nitqi ilə açıb, daha sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, İran və digər üzv ölkələrin Ticarət və Sənaye palatalarının rəhbərləri pandemiya ilə bağlı aparılan müvafiq dəstək mexanizmləri haqqında məlumat verib, böhranın qlobal olduğu vurğulanıb. Regionlararası addımların atılması, ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün logistik əlaqələrin sürətləndirilməsi, o cümlədən gömrük keçidlərinin asanlaşdırılması, “yaşıl keçid”in tətbiqi və Xəzər dənizi vasitəsilə logistik keçidlərin həyata keçirilməsinə dair təşəbbüslər səsləndirilib.
Öz növbəsində çıxışı zamanı ASK-ın prezidenti Məmməd Musayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi dəstək mexanizmləri barədə ətraflı məlumat verib. Azərbaycanda atılmış dəstəkləyici mexanizmlər görüş iştirakçılarının marağına səbəb olub.
Eyni zamanda, M.Musayev bank sektorunda gedən islahatlar, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, həmçinin onun alt qurumları tərəfindən keçirilmiş oxşar konfransların önəmini vurğulayıb.