Sahibkarlar tikinti prosedurlarının sadələşdirilməsindən razıdırlar
Bakı, 25 aprel, AZƏRTAC
Aparılan sistemli iqtisadi islahatlar nəticəsində "Tikintilərə icazələrin alınması" indikatoru üzrə biznes mühitinin yaxşılaşdırılması üçün tikinti obyektinin tikintisinə və istismarına icazələrin verilməsi prosedurlarının sayı azalaraq 10-a endirilib.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Bakı Şəhər İcra Hakimiyyətində 30-a yaxın tikinti şirkətlərinin rəhbərləri ilə görüşündə deyib.
“Doing Business” hesabatında “Tikintilərə icazələrin alınması” indikatoru üzrə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlardan söz açan Vüsal Qasımlı bildirib ki, tikinti obyektlərinin tikinti layihəsi ekspertiza tələb olunan və tələb olunmayan obyektlərə ayrılıb və ekspertizası tələb olunmayan obyektlərin siyahısı genişləndirilib. Həmçinin bu istiqamət üzrə texniki şərtlər “Bir Pəncərə” prinsipi ilə sadəcə bir sorğu vasitəsilə “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində əldə olunur.
Bakı Şəhər İcra Hakimiyyətinin baş memarı Akif Abdullayev diqqətə çatdırıb ki, meriyada “Tikintilərə icazələr üzrə Bir Pəncərə”də sənədlər qəbul edilir. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyətinin saytından sahibkarların elektron qaydada tikinti icazələri üçün müraciət etməsinə imkan yaradılıb.
Tikinti sahəsində çalışan sahibkarlar Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində iş adamlarına yaradılmış şəraitə görə razılıqlarını ifadə ediblər.
Görüşdə islahatların davam etdirilməsi üçün tikinti şirkətlərinin səmərəli təklifləri nəzərə alınıb. Xüsusilə vurğulanıb ki, biznes mühitinin digər istiqamətlərində də aparılan iqtisadi islahatlar, infrastrukturun yaxşılaşdırılması və dövlət dəstəyinin genişləndirilməsi sahibkarlığın inkişafı üçün münbit şərait yaradır.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində ölkəmizin nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.