Sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrinin aparılması təkmilləşir
Bakı, 4 may, AZƏRTAC
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna yoxlayıcı qurumun etik davranış qaydaları, maraqların toqquşmasının qarşısının alınması və fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı müddəalar (Maddə 6-1. və 6-2) daxil edilir. Həmin müddəalarla yoxlayıcı orqanlara dair tələblər müəyyən edir ki, bu da son nəticədə onların məsuliyyətini artırmaqla yoxlama prosesinin şəffaflığının yüksəlməsinə xidmət edəcək.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 4-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Layihənin 6.1-ci maddəsi ilə dövlət qulluqçusu olmayan yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi qaydasına aydınlıq gətirilir. Belə ki, qanunun 1.1.3-cü maddəsinə əsasən dövlət orqanı ilə yanaşı publik hüquqi şəxslər də yoxlayıcı orqan hesab olunduğundan, publik hüquqi şəxslərin fəaliyyətinin qiymətləndirilməsinin tənzimlənməsinə zərurət vardır. Bu isə öz növbəsində, yoxlayıcı orqan səlahiyyəti verilmiş publik hüquqi şəxslərin əməkdaşlarının fəaliyyətinə nəzarəti təmin etməklə, onların məsuliyyətini artırır.
Qanun layihəsinin 6.2-ci maddəsi ilə təlim planlarına dair müfəssəl müddəalar əlavə edilir. Eyni zamanda, layihənin 7.5-ci maddəsi ilə illik planların məzmunu və hazırlanma (yerləşdirmə) müddətləri göstərilir. Hər iki maddə yoxlayıcı orqanların fəaliyyətində şəffaflığın və məsuliyyətin artırılmasına xidmət edir. Sənədin 7-ci və 10.2-ci maddələrində əks olunmuş dəyişikliklər yoxlayıcı orqanın sahibkarlara məsləhət göstərməsi üzrə fəaliyyətinin keyfiyyətini artırır. Layihənin 10.1-ci maddəsində əks olunmuş müddəa yoxlayıcı orqanının illik hesabatının daha da müfəssəl və ətraflı olmasına xidmət edir.
Layihənin 11-ci və 14.2-ci maddələrində nəzərdə tutulan təkliflər yoxlamaların vahid məlumat reyestrinin aparılmasının təkmilləşdirilməsinə, bu prosesdə müəyyənliyin və şəffaflığın artmasına xidmət edir. Sənədin 15-ci maddəsində nəzərdə tutulan əlavələr yoxlama prosesində sahibkara səlahiyyətli nümayəndə vasitəsi ilə iştirak etmək hüququ verir ki, bu da sahibkara yoxlama zamanı əsas fəaliyyəti üzrə işləri dayandırmamağa imkan verməklə, sahibkarlıq fəaliyyətinə rəhbərliyin fasiləsizliliyini təmin edir.