Sahibkarlıq subyektinin əməkdaşları üçün təlim keçilib
Bakı, 4 may, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutu tərəfindən qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimlər davam etdirilir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, növbəti nəzəri-praktiki təlim "Al Market" Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “Qida emalı müəssisələrində izlənəbilmə sisteminin praktiki tətbiqi metodları” mövzusunda təşkil olunub.
Təlim zamanı iştirakçılara izlənəbilmə, həmin sistemin məqsədləri, prinsipləri, tələbləri, əhatə dairəsi, növləri, tərkib elementləri və praktik tətbiqi, eləcə də beynəlxalq təcrübə barədə ətraflı məlumat verilib. Bildirilib ki, izlənəbilmə sistemi heyvan və bitki mənşəli qida və yem məhsullarının istehsalı, emalı və satışı prosesləri çərçivəsində məhsulların tərkibində, eləcə də qida məhsullarının əldə olunduğu heyvan və bitkilərdə hər hansı maddənin izinin tapılmasından və təqib edilə bilməsindən ibarətdir. Həmin sistem istehsal, satış və idxal da daxil olmaqla, məhsulun ilkin emalından son istehlakçıya qədər olan bütün mərhələləri əhatə edir. Eyni zamanda müvafiq qida məhsullarından istifadə edən insanların sağlamlığını ən yüksək səviyyədə qorumaq məqsədini daşıyır.
Təlimdə mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.