Şahmat üzrə dünya çempionatı çərçivəsində futbol matçı keçirilə bilər
Bakı, 24 yanvar, AZƏRTAC
Bu ilin martına nəzərdə tutulan kişi və qadın şahmatçılardan ibarət milli yığmalar arasında dünya çempionatı çərçivəsində peşəkar futbolçularla şahmatçılar arasında futbol matçı keçirilə bilər. AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bunu Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni prezidenti Arkadi Dvorkoviç bəyan edib.
Agentlik A.Dvorkoviçin Davos Dünya İqtisadi Forumundakı bəyanatından bu sözləri sitat gətirib: “Biz ilk belə matçı, hətta mini turniri Batumidə seçkilər zamanı təşkil etmişik. İndi baxıb görürük ki, bunu bu il etmək daha yaxşıdır. Ola bilsin, mart ayında keçiriləcək komandalar arasında dünya çempionatı zamanı” .
Şahmatçıların iştirakı ilə futbol matçının, eləcə də FIDE-nin komandalar arasında dünya çempionatının keçirilməsi yeri hələ müəyyən olunmayıb və gələn həftə elan ediləcək. Əvvəlki birincilik 2017-ci ilin yayında Xantı-Mansiyskdə keçirilib.
Arkadi Dvorkoviç FIDE-nin 2018-ci il oktyabrın 3-də Batumidə keçirilən konqresində qurumun prezidenti seçilib. Sonralar Beynəlxalq Futbol federasiyasının (FIFA) və onun prezidenti Canni İnfantino ilə tərəfdaşlıq münasibətləri quraraq birgə layihələrin həyata keçirilməsinin, o cümlədən peşəkar futbolçuların və şahmatçıların iştirakı ilə futbol matçlarının anonsunu verib.
A.Dvorkoviç daha əvvəl bildirib ki, şahmatın populyarlığının aşağı olmasından narazıdır və onu futbol səviyyəsinə qaldırmaq niyyətindədir.
Xatırladaq ki, hazırda şahmatın baxımlılığına görə ondan heç də geri qalmayan idman növü - boks ilə simbiozu var. Şahboks üzrə yarışlar 2003-cü ildən keçirilir. Burada idmançılar qalib adı uğrunda növbə ilə rinqdə və şahmat taxtası arxasında mübarizə aparırlar.