ŞAİR İBRAHİM GÖYÇAYLININ YUBİLEYİ QEYD OLUNMUŞDUR
Birliyin katibi, xalq şairi Fikrət Qoca tədbiri açaraq yubilyarın həyat və yaradıcılığından danışmışdır. Bildirmişdir ki, İ.Göyçaylının şeirləri məzmun rəngarəngliyi, ifadə orijinallığı, forma və vəzni ilə seçilir. Bu şeirlərdə sevinclə kədər uyarlıqla bir-birinə qovuşur.
Xalq şairi Qabil, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, sənətşünaslıq doktoru, professor İnqilab Kərimov, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, yazıçı Nahid Hacızadə və başqaları tədbirdə şairin yaradıcılığından, xeyirxahlığından, təvazökarlığından və digər insani keyfiyyətlərindən ətraflı söz açmışlar.
Vurğulanmışdır ki, 20-yə yaxın kitabın müəllifi olan şairin şeirlərindəki mühüm cəhətlərdən biri onun mövzularının, obrazlarının qondarmaçılıqdan uzaq olmasıdır. Onun yaradıcılığında dünyamızın bədii həqiqətlərini əks etdirən seçimli şeirlər, düşüncələr, poetik fikirlər keçmişin, bu günün, həm də sabahın duyğularıdır.
Yubilyarı işgüzar, saf şair kimi dəyərləndirən natiqlər İ.Göyçaylının publisistikasından, uzun müddət Azərbaycan radiosunun ədəbiyyat verilişləri redaksiyasında çalışmaqla gənclərə qayğısından, ədəbi nəslin yaşlı nümayəndələrinə ehtiramından danışmışlar.
İ.Göyçaylı tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.