Salyan Rayon Mərkəzi Xəstəxanasının tibbi laboratoriyaları tam avtomatlaşdırılıb
Bakı, 12 sentyabr, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində növbəti tibb müəssisəsinin - Salyan Rayon Mərkəzi Xəstəxanasının tibbi laboratoriyaları yenidən təşkil olunub.
AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, Cəlilabad-Salyan tibbi ərazi bölməsinə daxil olan Salyan Rayon Mərkəzi Xəstəxanasının yenidən təşkil olunmuş tibbi laboratoriyaları istifadəyə verilib, açılışla əlaqədar xəstəxanada ənənəvi konfrans keçirilib.
Konfransda tibb müəssisəsinin direktoru Ramin Qasımov, TƏBİB-in İşçi Qrupunun üzvləri, tibb müəssisəsinin həkimləri və personalı iştirak edib. “Laboratoriyaların standartlaşdırılması üzrə işçi qrup”unun görülən işlər barədə ətraflı məruzəsi dinlənilib.
Regionda ilk dəfə yaradılan tam avtomatlaşdırılan Mərkəzi Laboratoriyanın Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələrində işləniləcək analizlərin nəticələrinin istər ambulator pasiyentlərə, istərsə də stasionarda yataraq müalicə alan xəstələrə keyfiyyət standartlarına uyğun şəkildə və qısa müddətə veriləcəyi bildirilib.
Yenidən təşkil olunan tibbi laboratoriyaların fəaliyyətə başlamasına həsr olunmuş elmi konfransda TƏBİB-in İşçi Qrupunun mütəxəssisləri tərəfindən “Xəstəliklərin diaqnostikasında tibb laboratoriyalarının əhəmiyyəti”, “Laborator analizlərin istək olunması, xəstələrin analiz öncəsi hazırlığı” mövzularında məruzələr dinlənilib, konfrans iştirakçıları ilə interaktiv diskussiya aparılıb.
Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin (KLMİB) də dəstəyi ilə müalicə həkimləri, orta və kiçik tibbi personal üçün təlimlərin mütəmadi keçiriləcəyi barədə məlumat verilib.
Salyan Rayon Mərkəzi Xəstəxanasının həkimləri icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil olan 600-dək analizin dəqiqliklə və qısa müddətdə təqdim olunmasının müalicənin keyfiyyətini dəfələrlə artıracağını qeyd ediblər.