REGİONLAR
Salyan: tələbə adını qazanan məzunlar və qabaqcıl müəllimlər mükafatlandırılıblar
![Salyan: tələbə adını qazanan məzunlar və qabaqcıl müəllimlər mükafatlandırılıblar](/files/2017/3/1200x630/15047012521454620264_1200x630.jpg)
Salyan, 6 sentyabr, Mahir Babayev, AZƏRTAC
Salyan şəhərində keçirilən müəllimlərin ənənəvi sentyabr konfransında 2016-2017-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Konfransda hesabat məruzəsi ilə çıxış edən rayon təhsil şöbəsi müdiri Xudaverdi Piriyev ümumtəhsil məktəblərində tədrisin kefiyyətin yüksəldilməsi və təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib.
Bildirilib ki, 18 mindən çox şagirdin təlim-tərbiyəsi ilə məşğul olan 2200 müəllim 2016-2017-ci tədris ilini ümumilikdə müsbət göstəricilərlə başa vurub. Bu il rayonun ümumtəhsil məktəblərini bitirən 582 məzundan 284-ü ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Məzunlardan 18-i 600-dən çox, 61-i isə 500-600 arası bal toplayıb. Yeni tədris ilinə hazırlıq işləri 55 ümumtəhsil məktəbinin hamısında yekunlaşıb, dərslik və ədəbiyyat, elektron vəsaitlər və digər ləvazimatlar məktəblərə paylanılıb.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov yen dərs ilinin başlaması münasibətilə müəllimləri təbrik edib, onlara xoş arzularını bildirib. Ölkədə, eləcə də rayonda təhsil islahatlarının uğurla həyata keçirildiyini deyən icra başçısı məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. Vurğulanıb ki, son üç ildə rayonda 4 yeni məktəb binası və əlavə korpuslar tikilib, 1 məktəb binası isə əsaslı təmir edilib.
Sonda 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan 18 məzuna və 5 qabaqcıl müəllimə rayon icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələri təqdim olunub.