REGİONLAR
Salyanda mini futbol üzrə rayon birinciliyinə start verilib
Salyan, 3 may, Mahir Babayev, AZƏRTAC
Salyanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə rayonun idarə, müəssisə və təşkilatlarının komandaları arasında mini futbol üzrə rayon birinciliyinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayondakı olimpiya idman kompleksində keçirilən mərasimdə çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkə idmanının inkişafına göstərdiyi diqqət və qayğısından danışıb, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə, o cümlədən idmanda əldə olunan nailiyyətlərdən söz açıb və yarış iştirakçılarına uğurlar arzulayıblar.
Sonra yarışlara start verilib. İlk turda Salyan Rayon Polis Şöbəsinin və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandaları qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyun 2-2 hesabı ilə nəticələnib.
Qeyd edək ki, yarış hər qrupda 5 komanda olmaqla, 2 qrup arasında 10 gün davam edəcək.