Salyanda seçkilər seçici fəallığı şəraitində keçir
Salyan, 7 fevral, AZƏRTAC
Respublikanın hər yerində olduğu kimi, Salyanda da səhər saat 8.00-dan bütün seçki məntəqələri öz qapılarını seçiçilərin üzünə açıb. Səhər saatları olmasına baxmayaraq, bir çox məntəqədə seçici fəallığı müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinə daxil olan məntəqələrdə seçkilərin şəffaf keçirilməsi üçün lazımi şərait yaradılıb. Qeyd edək ki, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin tərkibində 49 məntəqə var. Bunların 9-da veb-kamera quraşdırılıb. Dairəyə daxil olan məntəqələrdə, ümumilikdə, 52 min 175 seçici qeydə alınıb. Bunlardan 39 min 375 nəfər Salyan, 7340 nəfər Biləsuvar, 5229 nəfər isə Neftçala sakinidir. 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsində 2062 nəfər ilk dəfə səs verəcək. Ən yaşlı seçicinin isə 105 yaşı var.
64 saylı Salyan seçki dairəsinə isə 48 məntəqə daxildir. Onların 6-da veb-kamera quraşdırılıb. Məntəqələrdə seçkilərin şəffaf keçirilməsi üçün lazımi şərait yaradılıb. Dairə üzrə 50 min 320 seçici qeydə alınıb. Onlardan 3609 nəfəri ilk dəfə səs verəcək. Ən yaşlı seçicinin isə 100 yaşı var.
Qeyd edək ki, budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir.
Ölkə üzrə səsvermə hüququ olan 6 milyon 478 min 623 seçici qeydə alınıb. Seçicilər 6537 məntəqədə səs verəcəklər. İşğaldan azad edilmiş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir. Həmçinin 37 ölkədə 23 minə yaxın seçici 49 məntəqədə səs verə biləcək.
Seçkiləri izləmək üçün 90 mindən artıq müşahidəçi qeydə alınıb. Bunun 790 nəfəri beynəlxalq müşahidəçidir. Müşahidəçilərin 50 mindən çoxu isə 19 siyasi partiyanın nümayəndəsidir. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən 83 qeyri-hökumət təşkilatı da müşahidələr aparır. Həmçinin seçkiləri 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi izləyir.