Şamaxı üzümçülük üzrə əvvəlki şöhrətini bərpa edəcək
Şamaxı, 21 dekabr, Adil Ağayev, AZƏRTAC
Şamaxı üzümçülük üzrə əvvəlki şöhrətini bərpa edəcək.
AZƏRTAC xəbər verir ki, Şamaxı rayonunda bu gün üzümçülük yeni inkişaf dövrünü yaşayır və bir çox mütəxəssis, habelə təcrübəli təsərrüfatçılar bölgənin bu sahə üzrə əvvəlki şöhrətini bərpa edəcəyi qənaətindədirlər. Vaxtilə, konkret olaraq ötən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından biri idi. O vaxtlar 26 min hektar üzüm plantasiyası olan bölgədə ildə orta hesabla 240 min tondan çox məhsul götürülürdü. Aqrar sektorun bu sahəsi, əslində əhalinin əsas gəlir mənbəyi idi. Təəssüf ki, 90-cı illərin əvvəllərində baxımsızlıq və qayğısızlıq üzündən burada üzümçülük, demək olar ki, məhv oldu.
Əlbəttə, Azərbaycanda iqtisadi sabitliyin bərpası, regionların sosial-iqtisadi inkişafına dair birinci, ikinci və üçüncü Dövlət Proqramlarının qəbulu Şamaxı bölgəsində də iqtisadiyyatın ayrı-ayrı sahələrinin, o cümlədən kənd təsərrüfatının ənənəvi sahəsi olan üzümçülüyün inkişafı üçün yeni perspektivlər açdı. Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” Şamaxıda da bu sahənin inkişaf perspektivlərinin araşdırılmasında, mövcud potensialdan səmərəli istifadə olunaraq üzümçülüyün yenidən dirçəldilməsində mühüm rol oynayıb.
Hazırda bölgədə yeni salınan plantasiyaların sahəsi 1710 hektara çatıb. Bunun 70 hektarı cari ildə əkilib. Bağların 1315,2 hektarı məhsullardır. Rayonun Sabir, Mədrəsə qəsəbələrinin, Çarhan, Adnalı, Mirikənd ərazi vahidlərində üzüm plantasiyaları artıq sakinlərin əsas məşğuliyyət yeridir. Plantasiyalarda yeni, məhsuldar texniki və süfrə sortları əkilir. 350 hektardan çox üzüm bağı olan “AzQranata” MMC-nin Şamaxı təsərrüfatında, 300 hektardan çox plantasiyası olan “RMZ-Şirvan” MMC-də hər il yüksək məhsuldarlıq əldə olunur. Təsadüfi deyildir ki, rayonda üzüm istehsalı ildən-ilə artır. Belə ki, təkcə cari ildə bağlardan 8399,5 ton üzüm yığılıb ki, bu da ötən ilki göstəricidən 2868,2 ton çoxdur.
Bu gün şamaxılılar bölgədə üzümçülüyün inkişafında çox maraqlıdırlar. Bu da təsadüfi deyil. Çünki, təsərrüfatın bu sahəsi onlar üçün həm iş yeri, həm də gəlir mənbəyidir.