REGİONLAR
Şamaxıda İkinci Dünya müharibəsinin veteranları ziyarət olunub
Şamaxı, 9 may, AZƏRTAC
İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 76-cı ildönümü münasibətilə Şamaxıda rayon icra hakimiyyətinin məsul işçiləri sağ qalan iki nəfər müharibə veteranı-Mirağa Əhlimanovu və Dədəxan Niftalıyevi ziyarət ediblər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görüşlərdə icra başçısı müharibə illərində əzmkarlıq nümayiş etdirən xalqımızın xidmətlərinin heç vaxt unudulmayacağını, şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının xatirələrinin daima əziz tutulacağını söyləyib. Azərbaycan Respublikasının Prezident İlham Əliyevin İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranlara göstərdiyi diqqət və qayğıdan söhbət açan icra başçısı deyib ki, ölkə başçısının 2021-ci il 29 aprel tarixli Sərəncamı məhz bu diqqət və qayğının bariz nümunəsidir.
Veteranlar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Ötən il sentyabrın 27-də başlanan və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni silahlı qüvvələrinin darmadağın edilərək torpaqlarımızdan qovulduğu, tarixi qələbə ilə başa çatan İkinci Qarabağ müharibəsinin onların həyatında ən sevincli, unudulmaz günlərdən biri olduğunu söyləyiblər.
Qeyd edək ki, İkinci Dünya müharibəsində Şamaxıdan cəbhəyə 4482 nəfər gedib, onların yarısı geri qayıtmayıb.