“Samsung” şirkətinin vitse-prezidenti həbsdən vaxtından əvvəl azad olunacaq
Pekin, 10 avqust, AZƏRTAC
Cənubi Koreyanın Ədliyyə Nazirliyi rüşvət verməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş “Samsung Electronics” şirkətinin vitse-prezidenti, “Samsung Group”un əsas varisi və konqlomeratın faktiki rəhbəri Li Ce Yonun həbsdən vaxtından əvvəl azad olunması barədə qərar qəbul edib.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, qərara əsasən, Li Ce Yon məhkəmənin hökmü ilə cəzasının başa çatmasına 11 ay qalmış azad olunacaq. “Samsung”un faktiki rəhbəri də daxil olmaqla 800-dən yuxarı məhkum Cənubi Koreyada avqustun 15-də qeyd edilən Azadlıq Günü ilə əlaqədar əfv olunub.
Nazirlik qlobal biznes mühitindəki cari vəziyyəti nəzərə alaraq Li Ce Yonun vaxtından əvvəl azadlığa buraxılmasına qərar verib. Bundan başqa, ictimai fikir və Li Ce Yonun həbsxanada davranışı da daxil olmaqla, müxtəlif amillər nəzərə alınıb. Bununla belə, rəsmi olaraq “Samsung”un vitse-prezidenti vəzifəsinə başlaya bilməsi üçün Li Ce Yona hər hansı istisnanın təmin ediləcəyi ilə bağlı məlumat yoxdur. Cənubi Koreyanın qüvvədə olan qanunlarına əsasən, israfçılıq da daxil olmaqla bəzi əməllərə görə məhkum edilmiş şəxslər cəza müddətini başa vurduqdan sonrakı 3-5 il ərzində çalışa bilməzlər.
Qeyd edək ki, Seul məhkəməsi “Samsung Electronics”in vitse-prezidentini şirkətin bəzi layihələri üçün dövlət dəstəyi müqabilində ölkənin sabiq prezidenti Pak Kın Heyə 8,7 milyard von (təxminən 7,5 milyon ABŞ dolları) məbləğində rüşvət verməkdə təqsirli bilərək, cari ilin yanvarında 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi. Onun atası, “Samsung”un mərhum rəhbəri Li Kun-hı da iki dəfə məhkum edildikdən sonra əfv olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin