Samur-Yalama Milli Parkında yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbiri təşkil olunub
Bakı, 19 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz rayonu ərazisində yerləşən Samur-Yalama Milli Parkında “Meşələrin yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbiri keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aidiyyəti qurumların nümayəndələrinin iştirak etdiyi tədbirdə meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin mövcud vəziyyəti, xüsusilə qarşıdan gələn yay fəslində mümkün yanğınların qarşısının alınması istiqamətində görülmüş qabaqlayıcı tədbirlər barədə geniş məlumat verilib.
Tədbirdə meşələrin qorunması üçün hər kəsin təhlükəsizlik qaydalarına riayət etməsinin, o cümlədən müvafiq vəzifəli şəxslərin üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, meşə və meşəətrafı ərazilərdə yanğın hallarının baş verməməsi üçün əhalinin, o cümlədən sahibkarların və yaxınlıqda yaşayan kənd sakinlərinin yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyinin zəruriliyi diqqətə çatdırılıb.
Tədbirdə suallar cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonra açıq sahədə yanğın təlimi keçirilib. Təlim zamanı açıq sahədə baş vermiş şərti yanğının söndürülməsinə Milli Parkın əməkdaşları cəlb edilib. Daha sonra dərhal “hadisə” yerinə cəlb olunmuş FHN-in yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində “yanğın” genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Daha sonra xüsusi texnikalar vasitəsilə meşəətrafı ərazilərdə sahələrin 6-8 metr enində şumlanaraq təhlükəsizlik zolağının yaradılması əyani şəkildə tədbir iştirakçılarına nümayiş etdirilib.