Samuxda “Yeni Azərbaycan Partiyası müstəqilliyimizin dönməzliyinin təminatçısıdır” adlı tədbir keçirilib
Samux, 20 noyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Samuxda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası müstəqilliyimizin dönməzliyinin təminatçısıdır” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından Dövlət Himni səsləndirilib. Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümünə həsr edilən videoçarx nümayiş olunub.
Çıxışlarda Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi mürəkkəb və şərəfli yoldan söz açılıb. Partiyanın fəaliyyəti ərzində müstəqil dövlətimizin formalaşmasında, inkişafında və möhkəmlənməsində əvəzedilməz rol oynamasından bəhs edilib. Vurğulanıb ki, YAP ötən dövrdə ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayıb. Eyni zamanda, bu partiyanın müasir dövrdə beynəlxalq aləmdə tanınan nüfuzlu partiyalar sırasında olması dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən, müdrik siyasətinin nəticəsidir. YAP bu gün ölkənin inkişaf strategiyasının ideoloji dayağı olaraq çıxış edir və dövlətimizin qarşıdakı hədəflərinə doğru aparan güclü siyasi platforma olaraq fəaliyyətini davam etdirir.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə və partiyada ictimai-siyasi fəaliyyətinə görə bir qrup partiya fəalına fəxri fərmanlar, partiyaya yeni üzv qəbul edilmiş şəxslərə isə üzvlük vəsiqələri təqdim edilib. Yeni Azərbaycan Partiyasının himni səsləndirilib. Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbinin kollektivinin çıxışları təqdim olunub.