Samuxda “Zəfərin əbədi olsun, Azərbaycan!” adlı tədbir keçirilib
Samux, 5 noyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Samux rayonunda 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunan “Zəfərin əbədi olsun, Azərbaycan!” adlı ümumrayon tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşan tədbirdə Samux Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, gənclər iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Çıxışlarda vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 2020-ci il 27 sentyabr tarixindən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan azad edib. Xalqımız 5 ildir ki, Şanlı Zəfərin qürurunu yaşayır.
Diqqətə çatdırılıb ki, tarixin keşməkeşli sınağından üzüağ, alnıaçıq, qürurla çıxan Azərbaycan Qələbənin rəmzinə çevrilən dəyərləri daha da möhkəmləndirir və dünyanın formalaşmaqda olan yeni strateji mənzərəsində öz mövqeyini daha da gücləndirir.
Sonda Vətən müharibəsində qazanılan Şanlı Zəfərin 5-ci ildönümünə həsr olunan sənədli film izlənilib.