SƏBAİL MƏKTƏBLƏRİNDƏ SON ZƏNG ÇALINMIŞDIR
Artıq dördüncü ildir ki, ölkəmizin orta məktəblərinin məzunları üçün son zəng mayın 31-də səslənir. AZƏRTAC xəbər verir ki, mayın 31-də Səbail rayonunun 18 orta məktəbinin məzunları öz həyatlarının mühüm hadisəsini bayram etmişlər. Təhsil ocaqlarının hamısında son zəng çalınmışdır.
Son zəng mərasimini yüksək səviyyədə qeyd etmək üçün məktəblərin rəhbərləri, valideynlər və şagirdlər böyük hazırlıq işləri görmüş, bu bayramın uzun illər yaddaqalan olması üçün əllərindən gələni etmişlər.
Rayonun Bayıl yaşayış sahəsindəki 91 nömrəli orta məktəbi bu il 76 şagird bitirir. Rəngarəng tərtib olunmuş idman meydançasında toplaşan məzunları və birinciləri, onların valideynlərini və çoxsaylı qonaqları salamlayan 91 nömrəli orta məktəbin direktoru Svetlana Zülfuqarova kollektivin qazandığı uğurlardan danışmış, məzunlara müstəqil həyatda atacaqları addımlarda uğurlar arzulamışdır.
Şagird və müəllimlərin bu sevincini mərasimdə iştirak edən Azərbaycanın xalq artisti Şərqiyyə Hüseynova, Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov və başqaları da bölüşmüşlər.
Natiqlər məzunlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində onun nailiyyətlərini daha da artırmağı arzulamışlar.
Şagirdlərin hazırladıqları bədii kompozisiya və milli rəqslər maraqla qarşılanmışdır.
Son zəng çalınmış, məzunların həyatında yeni mərhələnin başlanması rəmzi kimi səmaya yüzlərlə şar və göyərçin buraxılmışdır.
Bir neçə gün əvvəl 80 illik yubileyini təntənə ilə qeyd etmiş M.Rahim adına 7 nömrəli orta məktəbin məzunları öz bayramlarını Sahil bağında keçirmişlər.
Təhsil ocağının direktoru Gülnaz Mehdizadə 80 il ərzində məzunların həyatda qazandığı nailiyyətlərdən danışmış, builki məzunları məktəbin adını həmişə uca tutmağa, onunla fəxr etməyə çağırmışdır.
Müəllimlər, valideynlər məzunlara gələcək işlərində müvəffəqiyyətlər arzulamışlar.
Rayonun tanınmış təhsil ocaqlarından olan 190 nömrəli məktəb isə bu il 60-cı buraxılışını keçirir. Bu əlamətdar yubiley münasibətilə məktəbin direktoru, əməkdar müəllim Afət Bakıxanova məzunları təbrik etmiş, onlara uğurlar arzulamış, məktəbi əla qiymətlərlə bitirmiş bir qrup gəncə Fəxri fərmanlar təqdim etmişdir.
Məktəb həyatına əlvida deyən məzunlar birincilərə hədiyyələr təqdim etmişlər.
Tədbir böyük bədii proqramla başa çatmışdır.
Səbail rayonunun 49, 51, 132, 134, 160, 162, 236, 239 nömrəli məktəblərində də son zəng mərasimləri yüksək səviyyədə keçmiş və məzunların həyatında yaddaqalan bir hadisəyə çevrilmişdir.