Səbail rayonunda məktəblilər Xocalı soyqırımı barədə məlumatlandırılmışlar
Bakı, 27 fevral (AZƏRTAC). Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) birgə əməkdaşlığı çərçivəsində Səbail rayonundakı 7 nömrəli tam orta məktəbdə “Xocalısız 22 il” mövzusunda tədbir keçirilmişdir.
ATGTİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbir dövlət himninin səsləndirilməsi və faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Məktəbin şagirdləri Xocalı soyqırımı ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.
Tədbirdə çıxış edən orta məktəbin müəllimləri və ATGTİ-nin nümayəndələri Xocalı soyqırımı barədə şagirdlərə məlumat vermişlər.
Şagirdlərə üzərində Xocalı faciəsinin dəhşətlərini əks etdirən köynəklər paylanmışdır.
Daha sonra şagirdlər YAP GB-nin ofisində “Xocalı həqiqətləri” mövzusunda maarifləndirici seminarda iştirak etmişlər.
Silsilə tədbirlər çərçivəsində daha əvvəl ATGTİ-nin təşkilatçılığı ilə 285 nömrəli tam orta məktəbdə şagirdlər arasında “Nə? Harada? Nə vaxt?” intellektual oyunu təşkil edilmişdi. ATGTİ-nin qeyri-hökumət və məktəblərlə iş departamentinin nümayəndələri və 285 nömrəli məktəbin rəhbərliyi tərəfindən iştirakçı komandaların üzvlərinə və qaliblərə müvafiq sertifikatlar təqdim olunmuşdur.