Seçenov Universitetinin Bakı filialı Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
Bakı, 2 may, AZƏRTAC
Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zəruri edir.
Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısının alınması və bu xəstəliklə mübarizə sahəsində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Fondun vəsaitləri xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə, tibb sahəsində elmi-tədqiqat işlərinin maliyyələşdirilməsinə, təbliğat və maarifləndirmə işlərinə istiqamətlənib.
Ölkə ictimaiyyəti koronavirusa qarşı mübarizə tədbirlərinə fəal dəstək göstərir, bu məqsədlə yaradılan Fonda könüllü ianələr edirlər. Rusiya Səhiyyə Nazirliyinin İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (İ.M.Seçenov adına Birinci MDTU, Seçenov Universiteti) Bakı filialından AZƏRTAC-a bildiriblər ki, Rusiya ali məktəbinin Bakı filialının əməkdaşları koronavirusun Azərbaycan vətəndaşlarına və ölkə iqtisadiyyatına mənfi təsirini aradan qaldırmaq istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirləri dəstəkləyərək, koronavirus infeksiyası ilə mübarizəyə maliyyə dəstəyi məqsədilə özlərinin əməkhaqlarının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.
Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin həcmi daim artır. Fiziki və hüquqi şəxslər, Azərbaycanda fəaliyyət göstərən müxtəlif şirkətlər, təhsil müəssisələri Koronavirusla Mübarizəyə Dəstək Fonduna özlərinin illik məvaciblərini ianə etmiş Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın humanist təşəbbüsünə qoşularaq, Fonda könüllü köçürmələr həyata keçirirlər.