Səfir Elmira Axundova: Heydər Əliyev əsl aristokrat siyasi xadim idi
Kiyev, 12 dekabr, AZƏRTAC
Heydər Əliyev “strateqlərin ümumdünya yarışında” çox kiçik bir dövləti təmsil etsə də, özü qlobal oyunçu idi. O, belə demək mümkündürsə, əsl aristokrat siyasi xadim idi. Lakin onda snobizm və ya təkəbbürdən əsər-əlamət yox idi və məhz bu səbəbdən insanları cəlb etməyə bilməzdi... Heydər Əliyev Ukraynanın yaddaşında sədaqətli və ləyaqətli dost kimi qalacaq, onu həyatda görmək nəsib olmayan nəsillər gələndə isə Kiyevin mərkəzində ucaldılmış heykəli onu daim xatırladacaq.
AZƏRTAC xəbər verir ki, bu sətirlər Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın Ukrinform agentliyinin saytında dərc edilmiş məqaləsindən götürülüb.
Səfir yazır ki, Heydər Əliyev kimi insanlara görə hər bir xalq fəxr edə bilər. Elmira Axundova vurğulayır: “...Deyirlər həqiqətən böyük insanlar, bir qayda olaraq, sadə və ünsiyyətcil olur. Bu qayda Heydər Əliyevə yüz faiz aid idi. Nə gizlədim, bəzən təəccüblənirdim: Prezident öz qiymətli vaxtını və qüvvəsini filankəslə söhbətə nə üçün sərf edir, filankəsi nə üçün qəbul etdi, mənim fikrimcə, onun iştirakı vacib olmayan filan tədbirdə nəyə görə iştirak edir? Zənnimcə, buna səbəb o idi ki, Heydər Əliyev protokol çərçivəsində, öz kabinetinin divarları arasında, partiya funksionerlərinin əhatəsində olanda həmişə darıxırdı. Şairlərin və yazıçıların yanında, müəyyən uşaq bayramında və ya kənd ağsaqqalları ilə söhbət zamanı isə özünü çox rahat hiss edirdi”.
Səfir öz məqaləsində Heydər Əliyevin bütün vəsiyyətlərini, o cümlədən ölkənin ərazi bütövlüyünün bərpa edilməsi barədə vəsiyyətini maksimum yerinə yetirmiş Azərbaycan Prezidenti İlham Əliyevin sözlərini xatırladaraq deyib ki, Heydər Əliyev Azərbaycanı müstəqilliyi itirməkdən xilas etdi, dövlətçilik yaratdı, ölkəmizin durmadan inkişafını təmin edən güclü idarəetmə sistemi yaratdı. Azərbaycan xalqı qarşısında onun xidmətləri ən yüksək qiymətə layiqdir. Bu gün Azərbaycan dinamik inkişaf edir, ictimai qayda təmin edilir, sabitlik qorunub saxlanılır və möhkəmlənir, ölkəyə güclü xarici investisiya axını gəlir. Bu mənada Heydər Əliyevin rolu müstəsna xarakter daşıyır.
Elmira Axundovanın məqaləsinin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: https://www.ukrinform.ru/rubric-world/3153392-bolsoe-viditsa-ne-tolko-na-rasstoanii.html
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev