MƏDƏNİYYƏT
“Sehrli dünya” uşaq jurnalının yaradıcı kollektivi çoxsaylı oxucuları üçün bayram tədbiri keçirmişdir
Bakı, 26 dekabr (AZƏRTAC). “Sehrli dünya” uşaq jurnalının yaradıcı kollektivi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Gümüş maska” salonunda çoxsaylı balaca oxucuları üçün bayram tədbiri keçirmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və “Sehrli dünya” jurnalının Yeni il buraxılışına həsr olunmuş mərasimdə jurnalın baş redaktoru, “Kiçik Dünya” uşaqların maarifləndirilməsinə kömək İctimai Birliyinin sədri, yazıçı Gülzar İbrahimova bu nəşr barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, artıq dördüncü nömrəsi çapa hazır olan “Sehrli dünya” qısa müddətdə balaca oxucuların sevimli jurnalına çevrilmişdir. Hazırda 48 səhifəlik rəngli jurnal ətrafına 3000-dək oxucu toplaya bilmişdir.
Məlumat verilmişdir ki, 5-10 yaşlı uşaqların maarifləndirilməsi, zehninin inkişafında mühüm rol oynayan jurnalın hər nömrəsini nağıl və hekayələr, fantastik macəra əsərləri daha maraqlı, daha oxunaqlı edir. Bundan əlavə, jurnalın qısa müddətdə tanınması üçün onun hər nömrəsinin içərisinə hədiyyələr qoyulur. Məsələn, 1-ci nömrəyə nağıl kitabı, 2-ciyə nağıl diski, 3-cü nömrəyə isə hekayələr kitabı əlavə edilmişdir.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin professoru, “Uşaq ədəbiyyatı” dərsliyinin müəllifi Qara Namazov balacalar üçün yeni jurnalın nəşrini yüksək qiymətləndirmiş, yaradıcı kollektivə öz tövsiyələrini vermişdir. Qara Namazov Yeni ildə balacalar üçün 200 səhifəlik “Uşaq şeirləri toplusu”nu nəşr etdirəcəyini bildirmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları “Sehrli dünya” jurnalının keçirdiyi müsabiqənin qaliblərini təbrik etmişlər.
Sonra şairə Gülarə Munis yeni yazdığı uşaq şeirlərini oxumuşdur. Rafiq Babayev adına 25 nömrəli uşaq musiqi məktəbi kamera orkestrinin çıxışı, uşaq yaradıcılıq mərkəzinin balaca polislərinin yaşıdlarına yol hərəkətini öyrədən rəqs nömrəsi tədbirə xoş ovqat əlavə etmişdir. Mərasimdə, həmçinin uşaqların Tofiq əmi kimi tanıdıqları foksçu sehrləri ilə balaca iştirakçıların zövqünü oxşamışdır.
Mərasimin sonunda uşaqlar onlar üçün açılmış bayram süfrəsinə dəvət olunmuşlar.