Şəki Regional Mədəniyyət İdarəsinin rəhbərliyi müharibə veteranlarını ziyarət edib
Şəki, 8 may, Mustafa Dadaşov, AZƏRTAC
İkinci Dünya müharibəsində faşizm üzərində böyük Qələbənin 75-ci ildönümü münasibətilə Şəki Regional Mədəniyyət İdarəsinin rəhbər işçiləri rayonda yaşayan 1941-1945-ci illər müharibəsinin iştirakçılarını evlərində ziyarət edərək, onlara bayram sovqatları çatdırıblar.
Regional İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müharibə veteranlarının evlərində keçirilən görüşlərdə Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova, Şəki 2 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Tərlan Məmmədov müharibə iştirakçılarını faşizm üzərində tarixi Qələbənin 75-ci ildönümü münasibətilə təbrik edib, müharibə illərində xalqımızın igid oğul və qızlarının göstərdikləri qəhrəmanlıqlardan danışıblar. Vurğulanıb ki, müharibə veteranları bu gün də müstəqil Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edirlər. Dövlətimiz tərəfindən müharibə veteranlarına hər daim yüksək diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin bu il aprelin 24-də imzaladığı Sərəncamla 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, həmçinin müharibə illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunanlara və digər vətəndaşlara 750 manat məbləğində birdəfəlik maddi yardımın verilməsi bu qayğının bariz nümunəsidir.
Görüşlərdə Şəki rayon Veteranlar Təşkilatının sədr müavini Vaqif Əhmədov, İkinci Dünya müharibəsinin iştirakçıları Müzəffər Cabbarov, Hacı Babayev, Zahid Paşayev, Şahverdi Əhmədov və Süleyman Tağıyev çıxış edərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, işğal altında olan torpaqlarımızın tezliklə düşməndən azad olunacağına qəti inamlarını ifadə ediblər.
Çay süfrəsi ətrafında keçən görüşlərdə Şəki 2 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərindən Ayxan Yaqubzadənin səsləndirdiyi saz havaları, Hüsniyə Hacıyevanın ifa etdiyi şeirlər və müharibəyə həsr olunan mahnılar veteranlara xoş əhval-ruhiyə bəxş edib.