Şəkidə məktəblərarası debat forumu keçirilmişdir
Şəki, 13 noyabr (AZƏRTAC). Şəki Regional Debat Mərkəzinin təşkilatçılığı, şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə könüllülük fəaliyyətinin təşkilinə dair məktəblərarası debat forumu keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, şəhər 8 saylı tam orta məktəbdə keçirilən tədbirdə 11 məktəb komandasını təmsil edən 55 məktəbli iştirak etmişdir.
Forumun açılış mərasimində çıxış edən Şəki Regional Debat Mərkəzinin rəhbəri Dəyanət Elmansoy ildə bir dəfə keçirilən tədbirin məktəblilərin intellektual bilik və bacarıqlarını daha da artırmaq, dünyagörüşlərini zənginləşdirmək məqsədi daşıdığını diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, mərkəzin qarşısında duran əsas vəzifələrdən biri də gələcəkdə Şəki Məktəbli Debat Liqasının yaradılmasına nail olmaqdır.
Komandalar püşkatma əsasında üç mərhələdə yarışaraq öz intellektual bacarıqlarını nümayiş etdirmişlər. Komandaların çıxışları mərkəzin hakim heyəti tərəfindən qiymətləndirilmişdir. Finalda şəhər 10 saylı tam orta məktəbin “İrəli” və 14 saylı məktəbin “Səbuhi” komandaları qarşılaşmışlar. Hakimlərin rəyinə əsasən “İrəli” komandası forumun qalibi olmuşdur.
Forum finalçılarına şəhadətnamələr, qalib komandaya isə kubok təqdim edilmişdir.