Şəkidə Ulu Öndərin doğum günü şərəfinə mindən çox ağac əkilib
Şəki, 10 may, Mustafa Dadaşov, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Şəkidə silsilə tədbirlərlə qeyd olunur. Pandemiya dövrünün tələbləri nəzərə alınmaqla müəssisə və təşkilatlarda, mədəniyyət ocaqlarında onlayn formada videokonfranslar keçirilir, rəsm və şeir müsabiqələri təşkil olunur. Keçirilən tədbirlərdə dahi rəhbərin mənalı ömür yolundan, Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən geniş bəhs edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ulu Öndərin doğum günü münasibətilə mayın 10-da şəhər rəhbərliyi dahi rəhbərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Ümummilli Liderin doğum günü münasibətilə mayın 10-da Şəki şəhərində ağacəkmə aksiyası da təşkil olunub. Aksiyada şəhər rəhbərliyi, əmək kollektivlərinin üzvləri iştirak ediblər. Aksiya çərçivəsində Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinin ərazisində, M.F.Axundzadə adına mədəniyyət və istirahət parkında, həmçinin Zəfər parkında mindən çox həmişəyaşıl şam və digər ağaclar əkilib. Əkilmiş ağaclara aqrotexniki qaydada qulluq göstərilib.