Şəkidə Zəfər Gününə həsr olunmuş konsert proqramı
Şəki, 6 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Noyabrın 6-da Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi, şəhər Heydər Əliyev Mərkəzi və 3 nömrəli Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Şanlı Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib.
Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Zəfər Gününün Azərbaycan xalqının tarixinin ən şanlı və qürurlu səhifələrindən biri olduğunu vurğulayıblar. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Qeyd edilib ki, bu Zəfər Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və vətənpərvərlik ruhunun təntənəsidir.
Sonra Azərbaycan Ordusunun şücaətini əks etdirən videoçarx təqdim olunub.
Konsertdə Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərdən ibarət ansamblının ifasında vətənpərvərlik ruhunda musiqilər səsləndirilib, Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin şagirdlərindən ibarət rəqs qrupunun çıxışı olub.
AZƏRTAC—0—