Selektiv abortlara qarşı kampaniya çərçivəsində məlumat sessiyalarına başlanılır
Bakı, 3 iyul, AZƏRTAC
11 İyul - Ümumdünya Əhali Gününə həsr edilmiş “Gender əsaslı cins seçimi (selektiv abort) ilə mübarizə kampaniyası” çərçivəsində məlumat sessiyalarının başlamasına son 3 gün qalıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gender Hub Azərbaycan” tərəfindən təşkil olunan “Gender əsaslı zorakılıqla mübarizədə medianın rolu: gender əsaslı cins seçimi” cəmiyyətin diqqətinin gender problemlərinə yönəldilməsi, gender bərabərliyi ilə bağlı məlumatlılığın artırılması və uzunmüddətli davranış dəyişikliklərinin təşviqini hədəfləyir.
Layihə çərçivəsində “Gender əsaslı cins seçimi ilə mübarizə” məqsədilə həyata keçirilən məlumat sessiyaları üçün qeydiyyat açıq elan olunur. Layihə ölkənin müxtəlif regionlarında məlumat sessiyaları vasitəsilə cins seçiminin yaratdığı sosial problemlərə diqqət çəkməyi və gender bərabərliyini təşviq etməyi hədəfləyir.
Təşkil olunacaq məlumat sessiyaları gender əsaslı cins seçiminin səbəbləri və nəticələri, eləcə də onun gender bərabərliyinə təsiri barədə iştirakçıların məlumatlılığını artırmağı qarşıya məqsəd qoyur. Sessiyalar çərçivəsində stereotiplərin aradan qaldırılması, qız uşaqlarına qarşı mövcud qərəzli yanaşmaların azaldılması və inklüziv yanaşmaların təşviqi əsas müzakirə mövzuları olacaq.
Məlumat sessiyalarının keçiriləcəyi tarix və məkanlar:
Şəmkir rayon Heydər Əliyev Mərkəzi - 7 iyul, saat 11:00 - 13:00
Quba rayon Heydər Əliyev Mərkəzi - 8 iyul, saat 11:00 - 13:00
Masallı rayon Heydər Əliyev Mərkəzi - 9 iyul, 11:00 - 13:00
Cəlilabad rayon Heydər Əliyev Mərkəzi - 9 iyul, saat 15:00 - 17:00
Bakı Gənclər Mərkəzi - 13 iyul, saat 14:00 - 16:00
Əlaqə nömrəsi: +994559798963.