MƏDƏNİYYƏT
Səməd Vurğun adına Kiyev şəhər Kitabxanasına Azərbaycan haqqında kitablar göndərilib
Bakı, 9 parel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası Səməd Vurğun adına Kiyev şəhər Kütləvi Kitabxanası ilə əməkdaşlıq edir, təcrübə mübadiləsi aparır, birgə tədbirlər keçirir.
AZƏRTAC xəbər verir ki, Kiyev şəhərində yaşayan soydaşlarımızın və kitabxananın müraciətlərini nəzərə alaraq, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) tərəfindən Səməd Vurğun adına Kiyev şəhər Kitabxanasına müxtəlif mövzuları əhatə edən 100-ə yaxın kitab göndərilib.
Təqdim olunan kitablar arasında dövlətimizin mədəniyyət sahəsində gördüyü işlər haqqında toplular, Azərbaycanın tarixi, mədəniyyəti, tarixi abidələri haqqında nəfis şəkildə nəşr olunmuş kitablar, ensiklopediyalar, uşaq ədəbiyyatı, Azərbaycan ədəbiyyatının klassikləri Nizami, Nəsimi, Füzulinin, müasir Azərbaycan yazıçılarının əsərləri və başqa kitablar yer alır.
Kitablar yaxın vaxtlarda Kiyev şəhər Kitabxanasının oxucularına təqdim olunacaq.