SƏMƏD VURĞUN TATARISTANDA ANILMIŞDIR
AZƏRTAC xəbər verir ki, tədbir Tatarıstanda elan olunmuş Ədəbiyyat və İncəsənət İli çərçivəsində keçirilmişdir. Kazanın “Ak Bars” gənclik mərkəzində keçirilən və Tatarıstanın dövlət rəsmilərinin, elm və mədəniyyət xadimlərinin, respublikada akkreditə olunmuş diplomatik korpusun, müxtəlif xalqların diaspor təşkilatları nümayəndələrinin iştirak etdikləri yubiley mərasiminə Azərbaycandan gəlmiş qonaqlar - xalq şairi Zəlimxan Yaqub, xalq artisti Səkinə İsmayılova da qatılmışdılar.
Natiqlər Azərbaycan-Tatarıstan dostluq əlaqələrinin inkişafından danışmış, böyük şairə məhəbbətlərini ifadə etmişlər.
Zəlimxan Yaqubun Səməd Vurğunun həyat və yaradıcılığına həsr olunmuş çıxışı, Səkinə İsmayılovanın ifasında Azərbaycan xalq musiqisi nümunələri alqışlarla qarşılanmışdır. S.Vurğunun 1956-cı ildə tatar xalqının qəhrəman oğlu Musa Cəlilin 50 illiyi münasibətilə rus dilində söylədiyi nitqinin və ona həsr etdiyi şerin lent yazısı mərasim iştirakçılarında böyük maraq doğurmuşdur.
Zəlimxan Yaqub tədbirin təşkilatçılarına xalqımız adından minnətdarlığını bildirmiş və böyük şairin Bakıdakı ev-muzeyinin eksponatları əks olunmuş fotoalbomu, seçilmiş əsərlərini, səsi və sözlərinə bəstələnmiş mahnılar yazılmış kasseti hədiyyə etmişdir.