RƏSMİ XRONİKA
“ŞƏMKİR QUŞÇULUQ” FABRİKİ İSTİFADƏYƏ VERİLMİŞDİR
“AtaHoldinq” ASC Müşahidə Şurasının sədri Əhməd Erentok, “AtaSənaye” MMC Müşahidə Şurasının sədri Fuad Kərimov, “Şəmkir quşçuluq” fabriki idarə heyətinin sədri Şahmar Məmmədov və müəssisənin işçiləri dövlətimizin başçısını səmimiyyətlə qarşıladılar.
Əhməd Erentok müəssisə haqqında məlumat verərək bildirdi ki, ulu öndər Heydər Əliyev tərəfindən tikdirilən Şəmkir quşçuluq fabriki 1980-ci ildə istifadəyə verilmişdi. Azərbaycanın qərb zonasını məhsulla təmin edirdi. “AtaHoldinq” Şirkətlər qrupu 2004-cü ilin axırında müvafiq biznes plan əsasında layihə hazırlayıb, 2005-ci ilin fevral ayında fabrikin beynəlxalq standartlara uyğun yenidən qurulmasına başlamışdır. İndiyədək 5 milyon dollar sərmayə qoyulmuşdur, bütün işlərin başa çatmasına isə 10 milyon dollar xərclənəcəkdir. İşçilərin orta aylıq əməkhaqqı 280 manatdır.
Hazırda burada quraşdırılmış bütün avadanlıq Hollandiya və Türkiyənin ən qabaqcıl texnologiyalarına əsaslanır. Almaniya cinsli toyuqlar 60 qramlıq yumurta verir. Fabrikin istehsal etdiyi “Kənd” yumurtası, “Kənd” toyuğu ticarət brendi kimi Azərbaycanda çox yaxşı tanınır və yüksək keyfiyyətinə görə dərhal satılır. Burada ildə 30 milyon ədəd yumurta istehsal edilir. 2007-2008-ci ilə qədər bunun 100 milyon ədədə çatdırılması planlaşdırılır. Bundan əlavə, fabrikdə min ton toyuq əti istehsal etmək mümkündür.
Hazırda fabrikdə 110 nəfər işçi çalışır. Tam gücü ilə işə düşəndən sonra işçilərin sayı 300 nəfərə çatacaqdır. Müəssisənin fəaliyyəti ilə bağlı formalaşmış ticarət şəbəkəsində çalışanlar da nəzərə alınmaqla, iş yerlərinin sayı 700 olacaqdır.
Dövlətimizin başçısı müəssisənin istehsal sahələri, laboratoriyası ilə tanış oldu, məhsulun satışı və keyfiyyəti ilə maraqlandı. Məlumat verildi ki, heç bir problem yoxdur. Bakıda təşkil olunan yarmarkalara gündə 40 min ədəd yumurta göndərilir. Bu fabrik Prezidentin sahibkarlığın inkişafına göstərdiyi qayğının bariz nümunəsidir.
Müəssisə ilə tanışlıqdan xatirə olaraq, dövlətimizin başçısına hədiyyələr təqdim edildi.