Şəmkirdə 57 mindən çox sakin kütləvi tibbi müayinədən yararlanıb
Şəmkir, 16 mart, Famil Quliyev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkəmizin hər yerində olduğu kimi, Şəmkir rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam edir.
Şəmkir Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayonda əhalinin kütləvi pulsuz tibbi müayinəsi üçün hər cür şərait yaradılıb. Belə ki, sakinlər yaradılan xüsusi həkim briqadaları tərəfindən müayinə olunur, ehtiyac olduqda flüoroqrafiya, kardioqrama, ultrasəs, rentgen, laborator və sair müayinələrdən keçirilir. Fevralın 12-dən indiyədək 57 min 329 nəfər tibbi müayinədən yararlanıb. Xəstəlik aşkar edilən 3 min 442 nəfər ambulator, 306 nəfər stasionar müalicəyə cəlb edilib, 31 nəfər üzərində cərrahiyə əməliyyatı aparılıb, 68 xəstə isə müalicə olunmaq üçün Bakı şəhərinə göndərilib.
Tibbi müayinədən keçən vətəndaşlar əhalinin sağlamlığının qorunması istiqamətində görülən bu xeyirxah aksiyaya görə dövlətimizin başçısına minnətdarlıq edirlər.