ŞƏMKİRDƏ OLİMPİYA İDMAN KOMPLEKSİNİN TƏMƏLİ QOYULMUŞDUR
Mərasimə toplaşmış rayon ictimaiyyətinin nümayəndələri, idmançılar dövlətimizin başçısını mehribanlıqla, hərarətli alqışlarla qarşıladılar.
Prezidentə Olimpiya İdman Kompleksi barədə ətraflı məlumat verildi. Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramında nəzərdə tutulmuş bu kompleksə idman oyunları, güləş, boks, ağır atletika və gimnastika salonları, idman meydançası, su hovuzu, iki tennis kortu, 30 yerlik mehmanxana və 73 yerlik yeməkxana, 2 min tamaşaçı yeri olan futbol stadionu, maşınlar üçün dayanacaq və birmərtəbəli kotteclər daxildir. Tikintisi iki il ərzində başa çatacaq kompleksin layihəsini Gənclər və İdman Nazirliyinin sifarişi ilə “Azərinşaatlayihə” institutu vermişdir.
Dövlətimizin başçısı “Bu kompleksin təməli 1 noyabr 2006-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulmuşdur” sözləri yazılmış vərəqi imzalayaraq, kapsulun içərisinə qoydu. Kapsul obyektin bünövrəsinə qoyuldu, dövlətimizin başçısı bünövrəyə ilk beton qarışığını tökdü, tikintiyə xeyir-duasını verdi.
Sonra təməlqoyma münasibətilə mərasim keçirildi. Azərbaycan Prezidenti mərasimdə nitq söylədi.
X X X
Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə səmimi görüşüb hal-əhval tutdu, onların qayğı və problemləri ilə maraqlandı. Şəmkirlilər dövlətimizin başçısına razılıqlarını ifadə edərək, xalqımızın ümümmilli liderinin layiqli davamçısına gələcək fəaliyyətində uğurlar arzuladılar.