REGİONLAR
Şəmkirdə suvarma mövsümünə hazırlıq işləri görülür VİDEO
![](/files/galleryphoto/2022/1/1200x630/16468108441772454960_1200x630.png)
![](/files/galleryphoto/2022/1/1200x630/16468108443047417494_1200x630.png)
![](/files/galleryphoto/2022/1/1200x630/164681084479571966_1200x630.png)
![](/files/galleryphoto/2022/1/1200x630/16468108443165639397_1200x630.png)
Şəmkir, 9 mart, AZƏRTAC
Şəmkir Suvarma Sistemləri İdarəsi tərəfindən cari suvarma mövsümündə sakinlərin və fermerlərin təsərrüfatlarının suvarılmasında problemlərin yaranmaması və torpaqların su təminatını zamanında və itkisiz həyata keçirmək məqsədi ilə rayonun əsas su kanallarından olan “Pambıqlı” kanalının torpaq məcralı ərazisinin beton üzlüyə alınması işləri artıq tamamlanıb. Bu il isə uzunluğu 13,8 kilometr olan “Nadirşah” kanalının 4,5 kilometr hissəsinin beton üzlüyə alınması nəzərdə tutulub.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Şəmkir Suvarma Sistemləri İdarəsinin balansında 11 baş kanal, 6 təsərrüfatlararası kanal, 109 təsərrüfatdaxili kanallar var. Kanalların ümumi uzunluğu 890,7 kilometrdir. Suvarma kanallarının texniki vəziyyəti yaxşıdır. Rayonda suvarılan sahə isə 40500 hektardır.
Ötən il kanallarda 898 min kubmetr həcmində lildən təmizlənmə işləri görülüb. İllərdir əkin və həyətyanı sahələrin suvarmasında problemləri olan Talış və Qaracəmirli kəndlərinin tələbatının ödənilməsi üçün su mənbəyini “Bəyaz göl”dən götürən “Səməd Vurğun” nasos stansiyası əsaslı təmir olunub və 700 metr uzunluğunda polietilen boru çəkilərək həmin kəndlər su ilə təmin olunub. Rayon ərazisində suvarılan sahələrin 14500 hektar ərazisi isə subartezian quyuları vasitəsi ilə suvarılır. İdarənin balansında 861 subartezian quyusu var. Həmçinin rayonun bir sıra kəndlərində yerüstü su mənbəyi olmadığından bəzi ərazilərdə subartezian quyularından içməli və məişət təminatı məqsədi ilə də istifadə olunur.
Qeyd edək ki, rayon ərazisində sahələrin suvarılması üçün əsas su mənbələri Kür, Şəmkir və Zəyəm çaylarıdır. Uzunluğu 70 kilometr olan Şəmkirçay mənbəyini dağlardan, Gədəbəy rayonunun ərazisindən götürür. Çayın üzərində 2014-cü ildə istismara verilən ümumi həcmi 164.5 milyon kubmetr olan “Şəmkirçay” su anbarı yerləşir. Dəniz səviyyəsindən 696 metr hündürlükdə yerləşən “Şəmkirçay” su anbarı vasitəsilə Şəmkir və Göygöl rayonlarının əkin sahələri suvarılır, eləcədə Şəmkir şəhərinin içməli su təminatı həyata keçirilir. Zəyəm çayının uzunluğu isə 32 kilometrdir. Su axımının tənzimlənməsi, daşqın və selə qarşı mübarizə tədbirləri üçün çay məcralarının mexanizmlə təmizlənməsi işləri də görülür.