“Sən elə bir zirvəsən” adlı onlayn respublika mahnı müsabiqəsi keçirilir
Bakı, 16 aprel, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı onlayn respublika mahnı müsabiqəsinə start verilib. Mayın 10-dək davam edəcək müsabiqə Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilir.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqə ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilir. Məqsəd gənc nəsli ulu öndər Heydər Əliyev ideyaları ruhunda, onun zəngin irsi işığında tərbiyə etmək, ölkəmizin dövlət quruculuğu prosesində Ümummilli Liderin rolunu və xidmətlərini təbliğ etmək, uşaqları vətənpərvər ruhda yetişdirmək, istedadlı uşaq və gənclərin yaradıcılıq potensialını üzə çıxartmaqdan ibarətdir.
Müsabiqə 2 yaş qrupunda (7-14, 15-20) xalq mahnıları (muğam, təsnif) və bəstəkar mahnıları nominasiyaları üzrə 2 mərhələdə keçirilir.
Birinci mərhələ mayın 6-na kimidir. Bu mərhələdə iştirakçılar tərəfindən hazırlanan mahnıların qəbulu aparılır. Hazırlanan mahnılar videoformatda [email protected] ünvanına və ya +994 55 539 55 22 əlaqə nömrəsinə “WhatsApp” vasitəsilə göndərilməlidir.
İkinci mərhələ 7-10 may tarixlərini əhatə edir. Bu mərhələdə münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilir.
Müsahibədə yalnız bir nominasiya üzrə iştirak etmək olar. İştirakçı seçdiyi nominasiya üzrə bir nömrədən ibarət videogörüntü təqdim etməlidir. Mahnı 3-4 dəqiqədən çox olmamalıdır. Müsabiqəyə təqdim olunan mahnı minusla və ya akapella oxuna bilər. Müsabiqəyə fonoqram qəbul olunmur. İştirakçının videogörüntüsü telefon, planşet və ya kamera ilə çəkilə bilər. Videogörüntülər aydın və keyfiyyətli olmalıdır. Təqdim olunan ifadan öncə iştirakçı özü barədə məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, təhsil aldığı müəssisə, nominasiya, ifa etdiyi mahnının adı) hazırladığı videogörüntü ilə birgə təqdim etməlidir.
Müsabiqənin qalibləri və fəal iştirakçılar Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplom və sertifikatları ilə təltif olunacaqlar.
Qeyd edək ki, müsabiqə ilə bağlı sualı olanlar (+994) 12 568 42 19 və (+994) 55 539 55 22 telefon nömrələri ilə əlaqə yarada bilərlər.