REGİONLAR
“Sənaye İli”ndə muxtar respublikada 16 istehsal müəssisəsi yaradılıb, 104 yeni iş yeri açılıb
![“Sənaye İli”ndə muxtar respublikada 16 istehsal müəssisəsi yaradılıb, 104 yeni iş yeri açılıb](/files/2022/3/1200x630/16655820994509851924_1200x630.jpg)
Naxçıvan, 12 oktyabr, AZƏRTAC
Muxtar respublikada iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafı istiqamətində də mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi üçün sistemli tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Sənaye İli”ndə Naxçıvan şəhərində “NaxPlast” MMC tərəfindən yeni istehsal xətlərinin, “Saf Metal” MMC tərəfindən məişət və kənd təsərrüfatı avadanlıqlarının istehsalı sahələrinin, mebel istehsalı, Kəngərli rayonunda çaxır istehsalı, Şərur rayonunda dondurma, mebel, ayaqqabı, Babək rayonunda mebel və plastik qapı-pəncərə istehsalı sahələrinin yaradılması və genişləndirilməsi başa çatdırılıb. Ümumilikdə, 16 müəssisə yaradılıb, 104 yeni iş yeri açılıb.
Muxtar respublikanın Sahibkarlığın İnkişafı Fondu sənaye məhsullarının istehsalına və emalına xidmət edən 287 layihənin maliyyələşdirilməsinə 112 milyon 708 min 872 manat, təkcə cari ilin ötən dövrü ərzində isə 4 milyon 974 min manat həcmində güzəştli kredit verib.
Hazırda muxtar respublikamızda Ali Məclis Sədrinin müvafiq Sərəncamına əsasən, “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması istiqamətində işlərə başlanılıb, yun iplik istehsalı sahəsinin yaradılması məqsədilə layihə hazırlanıb. Bu ilin aprel ayından etibarən İtaliya və Türkiyə istehsallı avadanlıqların quraşdırılacağı yeni iplik müəssisəsinin layihəsi reallaşdırılır. Yeni istehsal sahəsində yun yuma və qurutma, pres dəzgahı, kirli yunların saxlanma yerləri, toz ələyi və digər bölmələr yaradılacaq. Bu müəssisə heyvandarlığın inkişafına təsir göstərəcək, eyni zamanda, xalça istehsalı müəssisəsinin ipliyə olan tələbatını ödəyəcək.
Naxçıvan duzunun da keyfiyyətlə istehsal edilməsi və ixrac imkanlarının genişləndirilməsi məqsədilə mühüm addımlar atılır. Layihəyə əsasən müəssisədə istehsal prosesinin tam avtomatlaşdırılması, binanın dam örtüyündə isə 1050 ədəd 346,5 kilovat gücündə günəş panellərinin quraşdırılması nəzərdə tutulub.
Bundan başqa, enerji içkilərinin istehsalı müəssisəsində istehsal olunan məhsulların Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, İran, İraq, Türkmənistan, Gürcüstan kimi ölkələrə ixracı istiqamətində işlər aparılır, “Ləzzət Qida Sənaye” MMC-də salfetka və araq istehsalı sahələrinin yaradılması davam etdirilir.
İri sənaye layihələri arasında mühüm yer tutan Şərur Sənaye Məhəlləsində yaradılan ayaqqabı, Avropa qapıları, mebel istehsalı sahələri muxtar respublikanın ümumi sənaye potensialını gücləndirib, yeni iş yerlərinin açılmasına imkan yaradıb. Artıq məhəllədə “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qarğıdalı və günəbaxan bitkilərinin qəbuluna başlanılıb, corab istehsalı, məktəbli ləvazimatları, kağız kisə, karton tara, meyvə-tərəvəzin konservləşdirilməsi və qurudulması sahələrinin yaradılması isə icra olunur.
Qeyd edək ki, ötən il muxtar respublikada sənaye sahəsinə 36 milyon manatdan çox investisiya yatırılıb, modern və müasir tələblərə uyğun rəqabətqabiliyyətli sənayenin yaradılmasına yönəlmiş tədbirlər real nəticələr verib.