Sənaye Korporasiyasının əməkdaşları Hindistanda beynəlxalq tədbirə qatılıblar
Bakı, 25 noyabr, AZƏRTAC
Mühasibatlıq üzrə dünyanın nüfuzlu təşkilatı olan Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) təşkilatçılığı ilə Mumbay şəhərində sayca 21-ci olan “Dünya Mühasiblər Konqresi-2022” (WCOA-2022) hibrid rejimdə keçirilib. “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) Maliyyə strukturlarının əməkdaşları “WCOA-2022” tədbirində iştirak edib.
ASK-dan AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC, həmçinin törəmə cəmiyyətlərinin maliyyə və mühasibat uçot strukturlarının əməkdaşları 4 ildən bir keçirilən Dünya Mühasiblər Konqresində onlayn iştirak imkanlarından faydalanaraq ilk dəfə bu mötəbər tədbirdə təmsil olunublar. Maliyyə və mühasibat uçotu strukturlarının əməkdaşları tədbirin əsas müzakirə istiqamətləri olan “Mühasibat Uçotu, audit, korporativ idarəetmə və vergilər üzrə qlobal tendensiyalar”, “İnnovasiya, Fintech və Start-upların yetişdirilməsi”, “Gələcəyə hazır peşə”, “Dövlət maliyyə idarəetməsinin gücləndirilməsi”, “Dürüstlük, liderlik və etibar”, “Rəqəmsal texnologiyaların artan əhəmiyyəti”, “İnklüziv böyümə üçün qlobal əməkdaşlıq”, “Davamlılığın təmin edilməsində mühasibatlıq peşəsinin rolu” mövzuları üzrə panel müzakirələrə qatılıblar. ASK əməkdaşları panel müzakirələrə çıxarılmış mövzulara dair çıxışçıların təqdimatlarını, qlobal trendləri, imkanları və yenilikləri təhlil etməklə öz peşəkar fəaliyyətlərində bu yeniliklərin inteqrasiya imkanlarını nəzərdən keçiriblər.
Qeyd edək ki, Dünya Mühasiblər Konqresi ilk dəfə olaraq 1904-cü ildə ABŞ-ın St.Louis şəhərində 118 il bundan əvvəl baş tutub. “WCOA-2022” mühasibat uçotu, maliyyə və biznes mütəxəssisləri üçün interaktiv müzakirələr vasitəsilə fikir mübadiləsi aparılmasına uyğun platforma olmaqla qabaqcıl təcrübələrdən faydalanmağa və beynəlxalq əlaqələrin yaranmasına imkan yaradır.