SƏNGƏÇAL TERMİNALI İLƏ TANIŞLIQ UKRAYNA PREZİDENTİNDƏ XOŞ TƏƏSSÜRAT YARATMIŞDIR
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və terminalın baş direktoru Alan Maqines Ukrayna rəhbərini burada hörmətlə qarşıladılar.
Prezident Yuşşenko və Ukrayna nümayəndə heyətinin üzvləri Xəzər Enerji Mərkəzində “Əsrin müqaviləsi” üzrə həyata keçirilən layihələrə, indiyədək görülmüş işlərə həsr edilmiş fotosərgiyə və sənədli filmə baxdılar.
Qonaqlara bu Mərkəz, ümumən terminal barədə ətraflı məlumat verildi.
Bildirildi ki, terminalın tikintisinə 2001-ci ilin noyabrından başlanmış, indiyədək burada 3 mindən çox işçi çalışmış, 25 milyon adam-saatdan çox iş görülmüşdür. Bu, dünya rekordu sayıla biləcək bir hadisədir. Terminalda hər birinin tutumu 880 min barrel olan 3 xam neft çəninin, baş nasos stansiyasının, separatorların, idarəetmə məntəqəsinin tikintisi, sahildən 187 kilometr aralıda yerləşən “Mərkəzi Azəri” yatağından terminala qədər sualtı neft və qaz kəmərlərinin, fiber-optik rabitə kabellərinin çəkilişi, birləşdirmə və sınaq işləri tam başa çatdırılmışdır.
Sonra avtobusla terminalın ərazisini gəzən ali qonaq nəzarət-idarəetmə məntəqəsinin iş sistemi ilə də tanış edildi. Ukrayna Prezidentinə məlumat verildi ki, buradan Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft boru kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin ölkə ərazisindəki hissələrində bütün prosesləri izləmək, hər hansı qəza, nasazlıq barədə dərhal xəbər tutub müvafiq tədbir görmək mümkündür.
Prezident Viktor Yuşşenko və onu müşayiət edən nümayəndə heyətinin üzvləri terminalda texnoloji proseslərlə əyani tanış oldular. Mütəxəssislər qonaqların çoxsaylı suallarına cavab verdilər.
Dünyanın ən nəhəng terminallarından biri ilə tanışlıq Ukrayna Prezidentində xoş təəssürat yaratdı.
Terminala gəlməsindən xatirə olaraq, ali qonağa hədiyyələr təqdim edildi.