Sərbəst güləşçilərimiz Şərif Şərifov və Aleksandr Qostiyev Avropa çempionatının finalında mübarizə aparacaqlar
Bakı, 5 may, AZƏRTAC
Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.
AZƏRTAC xəbər verir ki, yarışın altıncı günündə 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçilər qüvvələrini sınayırlar.
Mübarizəyə dörddəbir finaldan qoşulan Mircəlal Həsənzadə (61 kq) və Şərif Şərifov (92 kq) rəqiblərini tam üstünlüklə məğlub edərək yarımfinala vəsiqə qazanıb. Mircəlal Həsənzadə yarımfinal görüşünü uduzaraq bürünc medal uğrunda görüşə haqq qazanıb.
Səksən altı kiloqramda yarışan Aleksandr Qostiyev Bolqarıstan və Almaniyadan olan rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib. Gürcüstan idmançısını da məğlub edən təmsilçimiz finala yüksəlib. Həlledici görüşdə A.Qostiyevin rəqibi Rusiya idmançısı olacaq.
Digər idmançılarımızdan Şərif Şərifov (92 kq) yarımfinalda Türkiyə idmançısına heç bir şans verməyib və finalda mübarizə aparmaq hüququ qazanıb. Həlledici görüşdə onun rəqibi Rusiya idmançısı Abdulraşid Sadullayev olacaq.
Yüz iyirmi beş kiloqramda mübarizə aparan Cəmaləddin Məhəmmədov təsəlliverici görüşə qatılacaq.
Coşqun Əzimovun (74 kq) səkkizdəbir final görüşündə litvalı rəqibi Andrius Mazeyka ilə görüşü rəqibin üstünlüyü ilə başa çatıb.
Final görüşləri mayın 6-da keçiriləcək.