Sergey Karyakin: Bütün azarkeşlər Şəhriyarın qələbə qazanmasını istəyəcək
Bakı, 23 sentyabr, AZƏRTAC
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/4 final mərhələsinin daha bir iştirakçısı məlum olub. Bu, Rusiya təmsilçisi Sergey Karyakindir.
AZƏRTAC xəbər verir ki, Ukrayna əsilli şahmatçı növbəti mərhələdə həmyerlimiz Şəhriyar Məmmədyarova rəqib olub. 1/8 finalda Dmitriy Andreykinə qalib gələn Karyakin təəssüratlarını Dünya Kubokunun mətbuat xidmətiylə bölüşüb: “Andreykinlə oynamaq çətindir. Bizim öz aramızda oyunların nəticəsi onun xeyrinədir. Bu gün qalib gəlməklə fərq bir qədər azaldı. Klassik şahmatda uğur qazanmaq mümkün olmadı. Tay-breyk çətin idi, lakin nəticəni öz xeyrimə başa vurmağı bacardım”.
Sergey Karyakin 1/4 finalda Şəhriyar Məmmədyarova rəqib olmasını belə xarakterizə edib: “Şəhriyar mənim dostumdur. Yaxşı şahmatçıdır. Ancaq oyunda dostluq unudulacaq. Hər bir şahmatçı Dünya Kubokunun finalında oynamaq istəyir. Məlumdur ki, mən ona, Şəhriyar da mənə qalib gəlməyə çalışacaq. İkimizdən birimiz yarışı tərk etməliyik. İndiyə qədər keçirilən görüşlərə nəzər salsaq ümumi nəticə Məmmədyarovun xeyrinə olar. Mənim üçün asan olmayacaq. Zaldakı bütün azarkeşlər Şəhriyarın qələbə qazanmasını istəyəcək. Duelimiz maraqlı olacaq. Məmmədyarovla oynamaq hər bir rəqib üçün asan deyil”.