“Sərhədsiz həkimlər” təşkilatının əlaqələndiricisi:Liberiya həkimləri Ebola epidemiyasının qarşısında acizdirlər
Bakı, 11 avqust (AZƏRTAC). Liberiya həkimləri Ebola epidemiyasının qarşısında acizdirlər. Ölkənin hakimiyyət orqanları epidemiya barədə məlumatları süni şəkildə azaldır. “Sərhədsiz həkimlər” təşkilatı hazırda öz imkanlarının son həddində işləyir.
AZƏRTAC BBC agentliyinə istinadla xəbər verir ki, bu barədə “Sərhədsiz həkimlər” təşkilatının Liberiyadakı əlaqələndiricisi Lindis Xurum məlumat verib. O qeyd edib ki, Liberiyanın paytaxtı Monroviyada ən iri hospitallardan beşi bir həftə ərzində işləməyib.
L.Xurum daha sonra deyib: “Həmin hospitallardan bəziləri öz işini bərpa etməyə başlayır, lakin problem qalır. Ölkənin başqa regionlarında bir sıra xəstəxanalar pasiyentləri qəbul etmir, çünki bütün işçilər xəstəxanaları tərk edib. Biz birmənalı şəkildə görürük ki, bütün səhiyyə sistemi dağılır”.
Xatırladaq ki, Ebola virusu 1976-cı ildə Afrikada aşkar edilib. O, yoluxmuş insanın qanı və ya ifrazatı vasitəsilə, eləcə də xəstənin şəxsi əşyaları vasitəsilə yayılır. Çox vaxt dəfn mərasimi zamanı yoluxmuş insanın bədəni ilə kontakt zamanı yoluxma baş verir. Ebola qızdırmasına tutulma hallarında ölüm sayı 90 faizə çatır. Bu xəstəliyin xüsusi müalicəsi yoxdur.
Eyni adlı virus vasitəsilə yayılan tarixdə ən böyük Ebola qızdırması epidemiyası Afrikanın qərbini, ilk növbədə Liberiya, Syerra-Leone və Qvineyanı bürüyüb. Dünya Səhiyyə Təşkilatı Qərbi Afrikada Ebola virusu dalğasını beynəlxalq miqyaslı fövqəladə hadisə hesab edir.
Bundan əvvəl verilən məlumata görə Qvineyanın hakimiyyət orqanları Ebola virusunun yayılmasının qarşısını almaq üçün öz ölkəsinin sərhədlərini bağlayıb. Lakin sonradan bu məlumatlar təkzib olunub. Qvineyanın dövlət televiziyası vasitəsilə izah edilib ki, söhbət sərhəd məntəqələrində əlavə nəzarət tədbirlərindən gedir.
İndiyə qədər Qərbi Afrikada Ebola qızdırması səbəbindən təxminən 1000 nəfər dünyasını dəyişib. Daha 1800 nəfər bu xəstəliyə gətirib çıxaran virusa yoluxub.