Şərq qadınına tarixilik və müasirlik prizmasından baxış - elmi sessiya
Bakı, 3 mart, AZƏRTAC
Martın 3-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Şərq qadınına tarixilik və müasirlik prizmasından baxış” mövzusunda elmi sessiya keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Elmi sessiyanı açan Şərqşünaslıq İnstitutunun Qadınlar Şurasının sədri, Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Xanımzər Kərimova BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnaməyə əsasən fevralın 11-nin “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü elan edildiyini diqqətə çatdırıb. O, bu günün qeyd olunmasının qadın və qızların elmi və texnoloji sahələrin inkişafında onların rolunun vacibliyini xatırlatdığını bildirib: “Tarix boyu dünya elm və mədəniyyət xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında Şərq qadınının böyük rolu olub, onlar tarixin bütün dövrlərində xalqının taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları və xidmətləri qədim tariximizin səhifələrini zənginləşdirib”.
Elm sahələrində dərin iz buraxan Azərbaycan qadınlarının sırasında institutun da alimlərinin olduğunu qeyd edən X.Kərimova görkəmli şərqşünas-alim, Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru, professor Aida İmanquliyevanı və hazırda instituta rəhbərlik edən akademik Gövhər Baxşəliyevanı və bir çox şərqşünas qadınlarımızın adlarını qeyd edib. O, Azərbaycan şərqşünaslığına dəyərli töhfələr vermiş alimlərimizin sayəsində yeni nəsil nümayəndələrinin yetişib inkişaf etdiyini vurğulayıb.
İcraçı direktor filologiya üzrə fəlsəfə doktoru, dosent Rühəngiz Cümşüdlü qadınların elmi-təşkilati fəaliyyətinə görə Şərqşünaslıq İnstitutunun öndə olduğunu bildirib. R.Cümşüdlü institutda dünya şərqşünaslıq elmində öz sözünü deyən qadınların olduğunu, bu alimlərin Azərbaycan elmində qadınların varlığını sübut etdiklərini deyib.
İnstitutun İran filologiyası şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva “Qarabağ ədəbi mühitinin əsilzadə qadın təmsilçiləri” mövzusunda məruzə edib. Məruzədə Azərbaycan ədəbiyyatında yeni mərhələ təşkil edən XIX əsr Qarabağ ədəbi mühitində yetişmiş qadın şairlərin söz yaradıcılığından bəhs edilib. Əksəriyyəti Cavanşirlər xanədanına mənsub olan şair qadınların sırasında Qarabağ xanı İbrahimxəlil xanın qızları Ağabəyim ağa və Gövhər ağa, gəlini Bədircahan bəyim, nəvəsi Xurşidbanu Natəvan, nəticəsi Xanbikə yer alır. Məruzədə adı yad olunan şairlərin ədəbi irsindən əlimizə gəlib çatan materiallarda şəxsi yaşantıların poetik ifadəsinin daha qabarıq olduğu diqqətə çatdırılıb, həmçinin eyni yüzillikdə yaşamış Qacarlar və Osmanlılar xanədanlarının, eləcə də Türküstandakı hakim sülalələrin əsilzadə xanım şairləri ilə fəaliyyət və ədəbi şəxsiyyət bənzərliklərindən söz açılıb.
Tədbirdə, həmçinin institutun İran tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Əfşan Şəfiyeva “Şərq cəmiyyətində modernizmin qadınlara təsiri”, Ərəb filologiyası şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova “Qərblə Şərqin qovşağında müasir Azərbaycan qadını”, Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Yeganə Hacıyeva “Müsəlman Şərqində qadın hüquqları”, Beynəlxalq əlaqələr şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Gülər Qafqazlı “Azərbaycanda maarifçi qadınlar” mövzusunda məruzə ediblər.
Sonda məruzələr ətrafında çıxışlar olub.