Şərq-Qərb magistralının Gürcüstandan keçən hissəsində tikinti işləri davam edir
Tbilisi, 12 may, AZƏRTAC
Şərq-Qərb beynəlxalq avtomobil yolunun Gürcüstan ərazisindən keçən Samtrediya-Qriqoleti yolunun birinci və ikinci sahələrində tikinti işləri sürətlə davam etdirilir.
Bu barədə AZƏRTAC-a Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən məlumat verilib. Bildirilib ki, yüksəksürətli Capana-Lançxuti yolunun ikinci hissəsində tikinti işləri artıq başa çatmaq üzrədir. Yolun 15-ci kilometrliyində asfalt-beton örtüyü döşənir, yol nişanları quraşdırılır və zolaqlar çəkilir. Samtrediya-Qriqoleti magistralının 18,5 kilometrlik ikinci hissəsində 4 zolaqlı asfalt-beton işləri görülür. Eyni zamanda, bu sahədə 16 körpünün, 3 nəqliyyat keçidinin, yeraltı keçid və su borularının çəkilişi davam edir.
Layihənin qiyməti 254 milyon lari (təqribən 79 milyon dollar) nəzərdə tutulub. Samtrediya-Qriqoleti magistralının 11,5 kilometrlik birinci sahəsində də işlər sürətlə davam edir. Yolun bu hissəsində körpülərin, yeraltı keçidlərin tikintisi və su xətlərinin çəkilişi davam edir. Magistralın bu hissəsinin tikintisi üçün 89 milyon lari (təqribən 27,8 milyon dollar) nəzərdə tutulub.
Yolun tikintisini Avropa İnvestisiya Bankı maliyyləşdirir. Magistralın tikintisinin əsas məqsədi nəqliyyat daşınmalarında vaxt və məsafə itkilərini azaltmaq, beynəlxalq ticarət və sərnişin daşınmalarında daha çox nailiyyətlər əldə etməkdir. E-60 kimi tanınan Avropa nəqliyyat magistralı Fransanın Brest şəhərindən başlayır və Qırğızıstanın İrkeştam şəhərində başa çatır. E-60-ın Gürcüstan hissəsindən keçən hissəsi Azərbaycan ilə sərhəddən başlayır və Poti limanında başa çatır. Magistralın Gürcüstan ərazisindən keçən hissəsinin uzunluğu 392 kilometrdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi