ŞƏXSİYYƏTLƏR MUZEYİ XAÇMAZA YARAŞIQ VERİR
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də Xaçmaz şəhərində açıq səma altında yaradılmış Şəxsiyyətlər muzeyi ilə də tanış oldu.
Muzeyin girəcəyini xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin böyük portretləri bəzəyir.
Dövlətimizin başçısına məlumat verildi ki, bu, Azərbaycanda ilk belə muzeydir. Burada salınmış parkda Azərbaycan ədəbiyyatı və incəsənətinin inkişafında böyük xidmətlər göstərmiş 14 görkəmli şəxsiyyətin - Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov və Şövkət Ələkbərovanın büstləri, dahi Nizami Gəncəvinin heykəli ucaldılmışdır.
Parkda müasir fəvvarələr quraşdırılmış, oturacaqlar qoyulmuşdur. Yaxınlıqda mərkəzi kitabxana yerləşir.
Prezident İlham Əliyev yeni tipli muzeyin xüsusi zövqlə layihələndirildiyini söylədi, digər şəhər və qəsəbələrdə də açıq tipli muzeylərin yaradılmasının zəruriliyini bildirdi.