Seymur Adıgözəlov: Son 10 ildə sənaye parklarında məhsul istehsalı 11 dəfə artıb
Bakı, 16 fevral, AZƏRTAC
Son 10 il ərzində ölkədə fəaliyyət göstərən sənaye parklarında məhsul istehsalı 11,4 dəfə artaraq 3,1 milyard manata yaxın olub.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyində 2023-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.
Bildirilib ki, Ağdam Sənaye Parkında 20 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu rezidentlər tərəfindən Sənaye Parkına 190 milyon manatdan çox investisiya yatırılması və 1700-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.
“Bu il Sənaye Parkında 5-dən çox müəssisənin (divar kağızlarının, bir neçə növdə ayaqqabıların, dam örtüklərinin, boru və qutu profillərin, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların və s. istehsal müəssisələrinin) fəaliyyətə başlaması planlaşdırılır. Bu sənaye müəssisələrində istehsal olunacaq məhsullar ilk növbədə daxili tələbatın ödənilməsinə yönəldiləcək, sonrakı mərhələdə isə “Made In Azerbaijan” brendi adı altında ixrac ediləcək. Bu günədək rezidentlər tərəfindən Sənaye Parkına 15,3 milyon manatdan çox investisiya yatırılıb, 120-yə yaxın daimi iş yeri yaradılıb”, - deyə İZİA sədri vurğulayıb.
S.Adıgözəlov qeyd edib ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının isə hazırda 10 rezidenti və 1 qeyri-rezidenti var: “İnvestorlar tərəfindən ümumi olaraq parka 67 milyon manatdan çox investisiyanın yatırılması, 700-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bu il Sənaye Parkında bir neçə müəssisənin (2 min tonluq sement terminalının, minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların, müxtəlif növdə yapışqan lentlərin istehsalı müəssisələri) fəaliyyətə başlaması planlaşdırılır. Bu günədək rezidentlər tərəfindən Sənaye Parkına 10 milyon manata yaxın investisiya yatırılıb. Hazırda Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında infrastruktur işləri görülür, inzibati binanın, yarımstansiyanın və su anbarlarının tikintisi aparılır”.