Şimal bölgəsindən olan 438 məzun Xaçmazda yaradılan imtahan mərkəzində biliklərini sınayıb
Xaçmaz, 15 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 15-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlarda şimal bölgəsindən olan 438 məzun iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz şəhər 9 saylı tam orta məktəbdə yaradılan imtahan mərkəzində ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar və martda keçirilən buraxılış imtahanlarının birinci mərhələsində üzrlü səbəbdən iştirak edə bilməyən cari ilin məzunları (IX sinif) biliklərini sınayıblar.
Xaçmaz, Quba, Qusar və Şabrandan olan məzunların iştirak etdikləri imtahanlar 4 imtahan rəhbəri və 44 nəzarətçi-müəllim tərəfindən idarə olunub.
DİM-in Xaçmaz regional bölməsinin müdiri Faiq Buzurki AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, imtahan mərkəzlərində şagirdlərin biliklərini sərbəst şəkildə nümayiş etdirmələri üçün hər cür şərait yaradılıb. İmtahanlar mövcud təlimata uyğun aparılıb və heç bir qanun pozuntusuna yol verilmədən müəyyən olunmuş vaxtda uğurla başa çatıb.
İmtahanda istifadə olunan açıq tipli tapşırıqların və inşanın (essenin) yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək elan olunması nəzərdə tutulur.