Şinzo Abe və Donald Tramp Osakada ikitərəfli münasibətləri müzakirə ediblər
Tokio, 28 iyun, AZƏRTAC
Dünya liderləri ikigünlük G20 sammitində iştirak etmək üçün Osakada görüşürlər. Rəsmi sessiyalardan əlavə liderlərin sammitin kuluarlarında keçirdikləri görüşlər də böyük maraq doğurur.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, belə görüşlərdən biri Yaponiyanın Baş naziri Şinzo Abe ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilib.
Danışıqların əvvəlində Ş.Abe deyib: “Mən Prezident Donald Trampı Osakada salamlamaq istəyirəm. G20 sammiti ilə əlaqədar bu səfər mənim ABŞ-a və mayda Prezidentin Yaponiyaya dövlət səfərindən sonra baş tutub. İki ölkə liderlərinin belə qısa müddətdə qarşılıqlı səfərləri Yaponiya-ABŞ ittifaqının möhkəmliyini bir daha təsdiq edir. Mən Yaponiyaya yeni Reiva dövründə səfər edən ilk dövlət qonağı kimi ABŞ Prezidentinə bir daha minnətdarlığımı bildirmək istəyirəm.
Osakada bu gün işə başlayan G20 sammiti ilə əlaqədar biz beynəlxalq ictimaiyyət qarşısında dünya iqtisadiyyatının davamlı inkişafı ilə bağlı problemin həllinə dair qəti mövqeyimizi bildirmək istəyirik. Yaponiya və ABŞ-ın əməkdaşlığı olmadan biz öz məqsədimizə çata bilmərik”.
ABŞ Prezidenti Donald Tramp isə deyib: “Bilirəm ki, bizi uğurlu gün gözləyir, biz çox məsələlər barədə, o cümlədən ticarət barədə ətraflı müzakirələr aparacağıq”.
Ş.Abe bildirib ki, o, ikitərəfli ticarətin hər iki tərəf üçün xeyirli olacaq şəkildə davam etdirilməsi məqsədilə danışıqların sürətləndirilməsini istəyir.
Liderlərin Tehran ilə Vaşinqton arasında artan gərginlik fonunda Ş.Abenin bu yaxınlarda İrana baş tutan səfərinin nəticələrini müzakirə edəcəyi də gözlənilir. Ş.Abe və D.Trampın, həmçinin iki ölkə arasında təhlükəsizlik sahəsində müqaviləni müzakirə edəcəyi də bildirilir. Belə ki, G20 sammitinə yola düşmə ərəfəsində ABŞ Prezidenti həmin müqavilənin birtərəfli olduğunu deyib.
Xatırladaq ki, bu, liderlərin son bir neçə ayda baş tutan üçüncü görüşüdür. Ş.Abe apreldə Vaşinqtonda səfərdə olub. D.Tramp isə ötən ay Tokioya dövlət səfərinə gəlib.
Mütəxəssislərin rəyinə görə, iki ölkə liderləri həddindən artıq tez-tez görüşürlər.
İkitərəfli danışıqlardan sonra Hindistanın Baş naziri Narendra Modi də üçtərəfli danışıqlar üçün onlara qatılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio