Şirvan şəhərində 500 aztəminatlı ailəyə ərzaq bağlamaları paylanılıb
Şirvan, 30 aprel, Mahir Babayev, AZƏRTAC
Ölkəmizdə koronavirus pandemiyasının yayılması səbəbindən elan olunmuş xüsusi karantin rejimi müddətində Prezident İlham Əliyevin rəhbərliyi ilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi davam etdirilir, xüsusilə aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində bütün imkanlardan istifadə olunur.
Dövlətimizin başçısının pandemiyanın əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə həyata keçirdiyi genişmiqyaslı tədbirlər artıq öz nəticələrini verir. Ölkə başçısının əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı hər bir addım əhali tərəfindən razılıqla qarşılanır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi müddətində bir sıra müəssisələrin fəaliyyətini müvəqqəti olaraq dayandırmasını nəzərə alaraq “PAŞA Holding” MMC Heydər Əliyev Fondunun “#Biz Birlikdə Güclüyük!” layihəsinə qoşularaq Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərdə sosial aksiya keçirib.
Şəhərin müxtəlif ünvanlarında yaşayan və sosial müdafiəyə ehtiyacı olan 500 aztəminatlı ailəyə gündəlik tələbatları üçün lazım olan ərzaq məhsulları paylanılıb.
Aksiya çərçivəsində, həmçinin Çernobıl qəzasında zərərçəkmiş 93 aztəminatlı ailəyə də ərzaq bağlamaları onların yaşadıqları ünvanlarda çatdırılıb.
Şəhər sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına, karantin rejimi müddətində onlara verilən sosial dəstəyə görə aksiya iştirakçılarına minnətdarlıqlarını bildiriblər.